Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Modul tipli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunmuş, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri emal müəssisələri yaradılmış, 10 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Astara şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə dənizkənarı park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi məqsədi ilə qərara alıram:
- Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2017-ci il.