Biz, Astara rayonun ağsaqqalları, ziyalıları, gəncləri və bütün sakinləri həyata keçirdiyiniz uğurlu daxili və xarici, sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramların icrasını Sizin hər bir rayonun, qəsəbənin və kəndin insanlarına olan ən yüksək qayğı və diqqətin nümunəsi kimi qiymətləndiririk.

Rəhbərliyinizlə müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə qazandığı nailiyyətlər, regionlarımızın abadlaşması, xalqımızın həyat səviyyəsinin gündən-günə yaxşılaşması bizi hədsiz sevindirir, daha əzmlə işləməyə, xalqa xidmət etməyə həvəsləndirir. Bütün istiqamətlərdə qəbul olunmuş Dövlət Proqramlarının icrası ölkəmizin siyasi, iqtisadi, sosial sahədə olduqca dinamik və hərtərəfli inkişafını təmin edir.

Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi kimi ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirdiyiniz məqsədyönlü tədbirlər, müstəqil dövlətimizin bölgədə lider ölkəyə çevrilməsində əvəzsiz xidmətləriniz, qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Möhtərəm Prezident!

Sizin dahiliyiniz, böyüklüyünüz ondadır ki, həmişə xalqla birlikdəsiniz. Diqqətinizdən və qayğınızdan kənarda heç nə qalmır. Siz yorulmaq bilmədən Azərbaycanın rayonlarına səfərlər edir, sadə insanlarla görüşlər keçirir, mövcud problemləri ən qısa müddətdə aradan qaldırmaq üçün sərəncam və tapşırıqlar verməklə bir daha Vətənə, xalqa olan sonsuz sevginizi bariz şəkildə sübut edirsiniz.

Sizin diqqət və qayğınızla Azərbaycanın cənub qapısı olan Astara rayonu da son illər böyük inkişaf yolu keçərək Respublikamızın ən yaraşıqlı, abad rayonlarından birinə çevrilmişdir. Xoşbəxt, firavan həyatımızın təminatı üçün verdiyiniz dəyərli Sərəncamlar rayonumuzun tarixinin ən şanlı səhifəsidir. Şəhər, qəsəbə və kəndlərdə sosial obyektlər inşa edilmiş, ən ucqar dağ kəndlərinə on kilometrlərlə asfalt yollar çəkilmiş, körpülər salınmış, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Sizin Astara rayonunun sosial-iqtisadi inkişafı, xüsusən rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığınız Sərəncamlar bizi hədsiz sevindirmiş, Astaramızın tarixinə qızıl hərflərlə yazılmışdır. Olduqca mürəkkəb relyefə malik, yol çəkilişi mümkünsüz hesab edilən bu kəndlərin sakinlərinin sevinci indi hədsizdir. İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezident, Sizin Astara və astaralılara olan hədsiz diqqət və qayğınızın davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.

Tövsiyə və tapşırığınıza əsasən Astara şəhərinin Xəzər dənizi sahilində kol və qamışların örtdüyü, keçilməz bataqlığa çevrilmiş böyük bir  ərazi abadlaşdırılaraq park-bulvar kompleksi salınmışdır.  Xeyir-duanızla 2015-ci ilin aprel ayında istifadəyə verilmiş bu gözəl məkan rayonumuzun sakinləri ilə yanaşı qonşu rayonlardan və İran İslam Respublikasından gələn qonaq və turistlərin sevimli istirahət yerinə çevrilmişdir.

İran İslam Respublikasından ölkəmizə açılan qapının birbaşa  təmas yerində olan park-bulvara bitişik geniş bir ərazi də uzun müddət istifadəsiz qalaraq yararsız hala düşmüş, müxtəlif parazitlərin yuva saldığı infeksiya mənbəyinə çevrilmişdi. Bu bataqlıq ərazinin qurudularaq park-bulvarın ərazisinin genişləndirilməsi astaralıların ən böyük arzusu idi.

Möhtərəm cənab Prezident!

8 iyun tarixində verdiyiniz Sərəncamla sakinlərimizin bu arzusu da çin oldu. Televiziyadan Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün vəsait ayrılması barədə Sərəncamınızı eşidəndə sevincimiz yerə-göyə sığmadı. Həmin tarixi gecədə hamı şadyanalıq etdi, bir-birinə təbriklər söylədilər. Sizin xalqa, Vətənə, Vətənin hər bir guşəsinə, elinə, obasına hədsiz sədaqətinizdən məhəbbətlə söhbət açdılar. Bu tarix həyatımızın ən əlamətdar günlərindən biri kimi daim yadaşlarda qalacaqdır. Bu Sizin bütün astaralılara əvəzsiz töhfəniz və əsil qayğınızdır.

Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturları – mehmanxana və hotellər, idman-əyləncə  obyektləri, iaşə obyektlərinin şəhərə necə gözəllik verəcəyini təsəvvür etdikcə fərəhlənirik.

Ağsaqqallar, ziyalılar və gənclər adından minnətdarlıq!

Çox hörmətli Prezidentimiz!

Zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş daxili və xarici siyasətinizi bəyənir, Sizə inanır və arxalanırıq. Ətrafınızda sıx birləşərək ölkəmizin rifahı üçün gördüyünüz bütün işlərdə Sizinləyik.

Doğma Vətənə və xalqa olan böyük sevginiz qarşısında baş əyir, Sizə Ulu Tanrıdan can sağlığı, Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.