Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 16 yaşa qədər yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadası başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizin 43 şəhər və rayonunu təmsil edən 445 yeniyetmə oğlan və qız qalib adı uğrunda mübarizə aparıb.
İsveçrə sistemi üzrə 11 turda doqquz gün davam edən yarışda şahmatçılar “A” və “B” qrupunda yarışıblar.
“A” qrupunda 2001-2004-cü il təvəllüdlü yeniyetmə oğlan və qızlar, “B” qrupunda isə 2005-ci il və aşağı yaşlı yeniyetmələr iştirak ediblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Gənclər və İdman Nazirliyinin təmsilçisi Salman Əbdülov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıb, yeniyetmə şahmatçılara yeni-yeni qələbə sevincləri arzulayıblar.
Respublika Şahmat Olimpiadasında qalib gələn yeniyetmələrə diplomlar, pul mükafatı və qiymətli hədiyyələr verilib.