Azərbaycan Prezidenti İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda 2017-ci ildə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinin tamam olduğu qeyd edilir. Bildirilir ki, Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirib, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələyib, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərib.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.