Tədrisin keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətdir

Muxtar respublikada tədris infrastrukturundan səmərəli istifadə, tədrisin keyfiyyətinin yüksəldilməsi, gələcəyimiz olan gənclərin savadlı, geniş dünyagörüşlü, vətənpərvər və fiziki cəhətdən sağlam yetişdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.

Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqətin artırılması, müəllim və tələbə mübadiləsinin davam etdirilməsi, təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verilməsi kimi məsələlər ali və orta ixtisas təhsili müəssisələri qarşısında əsas vəzifə kimi qoyulub.

Həmin istiqamətlər üzrə NDU-da görülmüş işlərdən danışan rektor bildirib ki, 2016-2017-cı tədris ilində universitetdə 149 metodik vəsait, 655 məqalə, 93 tezis nəşr olunub. Avropanın bir sıra ölkələri, o cümlədən Rumıniya, Çexiya, Yunanıstan, Rusiya, Gürcüstan və Türkiyənin müxtəlif ali təhsil ocaqları ilə həyata keçirilən tələbə-müəllim mübadiləsi universitetin beynəlxalq əlaqələrinin inkişafı və əməkdaşlıq baxımından uğurlu olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı əsasında təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinin əhəmiyyətini vurğulayan rektor bu yanaşmanın tədrisin keyfiyyətinin artmasına verdiyi töhfələrdən danışıb.

2017-ci ilin birinci yarısında NDU-da aparılan quruculuq və təchizat işlərindən söhbət açan iqtisad fakültəsinin dekan müavini, dosent Əşrəf Ələkbərov qeyd edib ki, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ali təhsil ocağı özünün müasir infrastrukturu və möhkəm maddi-texniki bazası ilə regionda sayılıb-seçilən universitetlərdən birinə çevrilib. İqtisadiyyat fakültəsi üçün yeni tədris korpusunun tikilməsi bu istiqamətdə görülən işlərin davamı olaraq, dövlətimiz tərəfindən təhsilə göstərilən qayğının bariz nümunəsidir.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Hilal Qasımov çıxışında NDU-da aparılan yaşıllaşdırma və abadlaşdırma işləri barədə danışıb.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən ali təhsil ocaqlarında reallaşdırılan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihənin qalibi olan tələbələr mükafatlandırılıb, universitetin yeddi tələbəsinə fəxri fərman və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, “Huawei” şirkətində istehsalat təcrübəsi keçən tələbələr informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarına və keçirilən imtahanlarda topladıqları yüksək ballara görə fərqləniblər.