Artıq bir neçə gündür ki, Norveçin paytaxtında dünyanın müxtəlif ölkələrindən olan 2000-dən çox gimnastın iştirakı ilə “World Gym for Life Challenge” yarışı keçirilir.

Astarainfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu yarışın unikallığı müxtəlif yaşlarda olan şəxslər tərəfindən gimnastikanın bütün növlərinə aid elementlərin nümayiş etdirilməsindən ibarətdir.

Yarış böyük və kiçik qruplar arasında keçirilir. Bu qəbildən olan yarışlara ilk dəfə qatılan Azərbaycan komandası, 47 kiçik qrup arasında çıxış edərək şounun ən əsas mərhələsi – final qala-konsertində iştirak etmək hüququ qazanıb. Parlaq kompozisiya nümayiş etdirən komandamızın üzvləri (Narın Qurbanova, Məryəm Səfərova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Ağasif Rəhimov, Nurcan Cabbarlı, Abdulla Əl-Məşayxi, Ruhidil Qurbanlı, Elçin Məmmədov, Vladimir Dolmatov, Orxan Muradov, Ruslan Eyvazov) bədii gimnastika, akrobatika, aerobika və rəqs elementlərini böyük məharətlə öz çıxışlarında əks etdiriblər. Coşğulu tamaşaçı alqışı isə onları bütün çıxışları boyunca müşayiət edib.

Bu növ yarışlarda bütün iştirakçı ölkələr qalib hesab olunur və onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir. Lakin kiçik qruplar arasında qızıl medala layiq görülən yalnız 6 komanda bu gün baş tutacaq möhtəşəm final qala-konsertində böyük qruplarla bərabər çıxış etmək hüququ qazanıb.

Azərbaycan komandası ilə yanaşı, qala-konsertdə kiçik qruplar arasında Almaniya, Avstriya, Portuqaliya, İtaliya, Böyük Britaniya və Zimbabve komandaları da yer alacaq.