ABŞ-ın Cənubi Karolina ştatının Rok Hill səhərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. Qərb dünyasında çox populyar olan bu yarışda planetin 48 ölkəsindən 3750 idmançı iştirak edib.
AZƏRTAC xəbər verir ki, 48 ölkədən 3750 idmançının iştirak etdiyi yarışa rəsmi qonaq kimi Azərbaycan nümayəndə heyəti də qatılıb. Rok Hill şəhərinin meri Duq Ekolsla görüş zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov BMX üzrə dünya çempionatının estafetini ABŞ kimi ölkədən qəbul etməyin Azərbaycanın üzərinə əlavə bir məsuliyyət qoyduğunu bildirib. Bu idman növü Qərbdə çox populyar olsa da, Azərbaycanda yalnız “Bakı-2015” I Avropa Oyunlarından sonra tanınmağa başlayıb.
Avropa Oyunlarında Azərbaycanın digər idman növləri kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı İlham Əliyevin tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.
2015-ci ilin əvvəlində paytaxtda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb.
Dünya çempionatında iştirak edən 2 qat olimpiya, 6 qat dünya çempionu, kolumbiyalı Mariana Pajon gələn il böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəyini deyib: “BMX idman növünün populyarlaşmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürümü bildirirəm. Şadam ki, gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək və səbirsizliklə bu yarışı gözləyirəm. Artıq ölkəniz, həmçinin yarış treki ilə müəyyən qədər tanış olmuşam və hər şeyin yüksək səviyyədə olacağına əminəm”.
BMX üzrə UCI-nin keçirdiyi və bütün ölkə nümayəndələrinin iştirak etdiyi toplantıda Azərbaycan nümayəndə heyəti geniş təqdimatla çıxış edib. Təqdimatın əvvəlində göstərilən ölkəmizin gözəlliklərini, idmana olan dövlət qayğısını və velosiped idmanının inkişafını əks etdirən videoçarx hamının böyük marağına səbəb olub.
Çempionata gələcək iştirakçıların transferi, vizaların alınma qaydaları, otellərdə yerləşdirmə və s. məsələlər də böyük razılıqla qarşılanıb. Yarışın sonunda çempionatın bayrağı estafet kimi Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Qeyd edək ki, BMX növü üzrə dünya çempionatı 2018-ci il iyunun 5-9-da Bakıda keçiriləcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...