Bu il qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə olunub

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliy

inə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70 min 797 nəfər iştirak edib. İmtahanlarda I ixtisas qrupu üzrə 28 min 7, II ixtisas qrupu üzrə 19 min 858, III ixtisas qrupu üzrə 18 min 99, IV ixtisas qrupu üzrə 4 min 833 abituriyent iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb.

2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35 min 790 nəfər olub ki, bu da ötən illə müqayisədə 6,7, 2015-ci ildəki göstəricidən 10,6, 2014-cü ildəki göstəricidən 11,3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı isə 34 min 475, 2015-ci ildə 33 min 198 nəfər, 2014-cü ildə isə 32 min 159 nəfər olub. Bu il qəbul imtahanlarında 2 min 464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2 min 281, 2015-ci ildə 2 min 94, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.

Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6,6, II ixtisas qrupu üzrə 4,6, III ixtisas qrupu üzrə 7,8, IV ixtisas qrupu üzrə 10,9 faiz artıb.