FHN əhaliyə çimərliklərlə bağlı müraciət etdi

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, müraciətdə çimərlikdə hər kəsin bilməli olduğu təhlükəsizlik qaydaları əksini tapıb.

Qeyd olunub ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Həmçinin əhaliyə çimərlikdə uşaqları nəzarətsiz qoymamaq, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etmək tövsiyə olunur.

Vətəndaşların diqqətinə çatdırılır ki, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir. “Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, – deyə müraciətdə bildirilir.