Naxçıvanda əhalinin məşğulluğu diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ötən dövründə 1299 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilib, 136 nəfər haqqıödənilən ictimai işə cəlb olunub, kənd və qəsəbələrdə fəaliyyət göstərən kənd xidmət mərkəzlərində mövcud vakant yerlər üzrə 44 nəfər işlə təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2017-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında nazir Cavid Səfərov səsləndirib.

Nazir bildirib ki, muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin məşğulluq imkanlarını artırıb, işçilərin əmək hüquqlarının təmin edilməsi, aztəminatlı ailələrin, habelə sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası üçün əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılıb və vaxtaşırı monitorinqlər keçirilib. Bununla yanaşı, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün müəssisələrdə sorğular, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr həyata keçirilib.

Bu müddət ərzində keçirilən əmək yarmarkalarında 206 nəfərin peşə və ixtisasına uyğun işə düzəlməsinə kömək göstərilib.

Hesabat dövründə sosial müavinət və təqaüdlərə 6 milyon 892 min 899 manat sərf olunub. Muxtar respublikada həyata keçirilən uğurlu sosial siyasət, habelə əhalinin məşğulluq imkanlarının artması aztəminatlı ailələrin sayının azalması ilə nəticələnib. Belə ki, bu ilin altı ayında aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımına 998 min 623 manat sərf olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 449 min 683 manat azdır. Buna səbəb yaradılan yeni iş yerlərinin hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin işlə təmin olunmalarıdır.

Nazir vurğulayıb ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlər davam etdirilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 133 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 142 uşağın müalicəsi təşkil edilib. Həmçinin sağlamlıq imkanları məhdud 40 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 50 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, məhdud fiziki imkanlı 182 nəfərə protez-ortopedik xidmət, 22 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 19 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilib. Bu dövrdə tənha yaşayan və yardıma ehtiyacı olan 228 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, 10 nəfərə isə Ahıllar Evində stasionar sosial xidmət göstərilib.

Diqqətə çatdırılıb ki, bəzi sahələrdə yol verilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.