Gənc anaların silsilə faciəsi: onlar öz isti ocaqlarından niyə qaçır, körpələrinə niyə qıyır?

Son vaxtlar gənc anaların dramı ilə tez-tez rastlaşırıq desək, yanılmarıq. Belə ki, əvvəllər övlada qarşı həssaslıq dedikdə ağıla analar gəlirdi. İndi isə bu sözü bütün analara şamil etmək olmaz. Çünki son zamanlarda anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya onları atıb “xoşbəxtlik” axtarışına çıxması kimi xəbərlərlə tez-tez rastlaşırıq.

 Kimiləri cəmiyyətdəki bu cür eybəcərliklərin artmasının səbəbini qadınların çiyinlərinə düşən ağır yüklə əlaqələndirir, kimisi isə cəmiyyətdəki aqressivliklə.

Maraqlıdır, bəs əslində səbəb nədir? Nəyə görə analar övladlarına bu və ya digər formada qıyır, azyaşlı övladlarını da ataraq qaçırlar?

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunun səbəbinin qadınların psixoloji gərginliyi ilə əlaqəli olduğunu dedi: “Bu, hamının həyatında var. Kimlərsə psixoloji cəhətdən buna hazır ola bilir, kimlərsə dözmür. Bəzi hallarda müşahidə etmişik ki, qadınların müəyyən bir qismində psixi dəyişikliklər mövcuddur.

Sosial rolların dəyişdiyi bir durumda qadınlar bu qədər yükü öz üzərlərinə götürə bilmirlər. Əvvəllər struktur var idi və bu strukturda kişilərin öz rolu vardı ki, ailənin yükünü daşıyırdı. Yəni kişilər məsuliyyəti, idarəetməni, müdafiə etmək kimi vəzifələri həyata keçirirdilər. Qadın isə evin içində uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olurdu. İndi bu struktur xeyli dəyişib. Qadınların çiyninə daha çox yük düşür. O həm sosial şəbəkələr, televiziyalardan gələn informasiyaları alır, ailədən gələn münasibətlər, uşaqların öhdəlik və vəzifələri, bəzən kişinin də rolunu öz üzərinə götürmək kimi davranışlar ortaya çıxdığından bütün qadınlar bunu daşıya bilmir. Bəzi qadınlarda psixi bir gərginlik, dəyişkənlik var. Bəzən kimsə buna dözür, bəzən intihar edir, bəzən evdən gedib azad olmağı düşünür. Yaxud kimsə həyatını dəyişib özü üçün yaşamaq istəyir və düşünür ki, azadlıqdırsa, nəyə görə mən bu yükü daşımalıyam, bu yük niyə mənim üstümdə olmalıdır və kimlərsə xoşbəxtlik axtarmaq dalınca gedir”.

M.Zeynalova bu gün qadınların daha çox qınaq obyektinə çevrildiyini və bəzi hallarda qadına dəstək vermək lazım olduğunu dedi: “Bu gün qadınları daha çox qınayır, ittiham edirlər. Amma bəzi hallarda qadına dəstək vermək, onu bu çətin durumdan çıxarmaq haqqında düşünmək lazımdır. Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil. Düzdür, gender bərabərliyindən danışırıq. Amma psixoloji cəhətdən, körpəlikdən bu qadınlar bu ağırlığı daşımağa hazırlanmır. Bizdə nəyə hazırlayırlar – ərə gedəcəksən, ərin sənə baxacaq və sairə. Axı bu artıq ənənəvi deyil. Ər bütün bu yükü götürmür ki, qadın digər yükü öz üzərinə götürsün. Bu baxımdan, mən düşünürəm ki, hadisələrin bu cür cərəyan etməsinin səbəblərindən biri psixoloji gərginliklərlə bağlıdır. Ola bilsin, qadın özünə hesabat vermir ki, mən uşağımı atıb gedirəm. Yəni əvvəlki o övlada bağlılıq məsələsinə qədər o psixoloji gərginlik dəyişə bilib. Bizim şüurumuzda, davranışımızda bu dəyişikliklər baş verir”.Mehriban Zeynalova: “Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil”

hurriyyet.org