Gəzməli, görməli diyar

 Astaranın qədim və zəngin tarixini araşdırdıq.
Astarainfo.az həmin araşdırmacı yazını sizlərə təqdim edir.
 Şərqə açılan qapı, gözəl Astaramız qədimdən-qədimdir. Füsunkar yurdumuz Astaranın qədim tarixinin öyrənilməsi və araşdırılması hansı dövrdə yaranması ilə əlaqədar tarixçi alimlər zaman-zaman işləmiş, qaynaqlar üzə çıxarmışlar. Alimlərdən Z.Bünyadov, S.Onullahi, F.Əsədov və başqaları rayonumuzla bağlı müəyyən fikirlər söyləmişlər. Tədqiqatlar və araşdırmalara əsasən Astara ərazisində insan cəmiyyətinin mövcuduğu eramızdan əvvəli minilliklərdən soraq verir. Astaranın mənası talış toponiminə əsasən “osto” (asan), “ru” (yol) yəni asan yol deməkdir. İkinci fərziyyəyə görə ta qədimdən Astara torpağında bitmiş xüsusi gözəlliyi ilə seçilmiş “Astra” bitkisinin adı ilə əlaqələndirmişlər. Çox təəssüf ki, nəfis bitki artıq torpaqlarımızda bitmir. Tarixi mənbələrdən Astaranın ilkin adı “Əstərab”, “Əstəra”, “Ostoro” qeyd edilir. 1932-ci ildə rayonumuzda ilk dəfə olaraq “Ostoro kolxozçu” qəzeti nəşr olunmuşdur.
Astara binayi qədimdən gözəl təbiəti, bərəkətli torpağı ilə dillərdə dastan olub. Alman səyyahı Hans Şil Berqer (1394-1427), Adam Oliari (1599-1671), Macar şərqşünası Armin Vamberi (1832-1913), fransız səyyahı Jak De Morqan Astaranın ipək istehsalından, bəhrəli üzüm tənəklərindən, yeraltı-yerüstü sərvətlərindən, çeşidlik xalçalarından, talış folklorunun zənginliyindən öz əsərlərində sevə-sevə söhbət açmışlar.
Astarada ta keçmişdən rayon iqtisadiyyatının əsasını çəltikçilik təşkil etidiyindən son illər bu dadlı, bərəkətli nemət müxtəlif növlər üzrə rayonumuzun təsərrüfatlarında əkilir.
Astaranın relyefi qərbdə dağlıq, şərqdə düzənlikdir. Azərbaycanın sakit guşəsi, axarlı-baxarlı təbiəti ilə seçilən Astara gündən-günə böyüyür, gözəlləşir, inkişafa doğru gedir. Mütəxəssislər Astaranın, onun coğrafi mövqeyi, tarixi etnoqrafiya və toponomilə bağlı fərziyələr, fikirlər, rəylər söyləsə də,  əslində Astaranın hələ də, dərindən araşdırılmasına və öyrənilməsinə ehtiyacı var.
Cənnət diyarımız Astara Azərbaycan ekosistemin füsunkar qoludur. Gündoğandan qəlblərə məlhəm, dərdlərə əlac köpüklü dalğaları ilə sanki sahilləri naxışlayan Allahın möcüzəsi Xəzərin, günbatandan əfsanəvi qüdrətə malik əzəmətli Talış dağlarının, əsrləri adlayan qədim abidələrin məkanıdır Astara. Yurdumuz sanki dibi görünməyən dəfinədir, onu aradıqca incilər dürlər göz qamaşdırır. Yazda yaşıl xalını xatırladan enişli-yoxuşlu, dərəli-təpəli yollar, payızda qızılı rəngə çalan xəzan olmuş yarpaqların xışıltısı insanı valeh edir. Bir sözlə, akademik Həsən Əliyevin sözü ilə desək “Talış diyarının əzəmətini gözlə görmədən təsvir etmək çətindir”.  Baş-başa çətirlənmiş ağaclar yalnız talış zonasına məxsus dəmirağacı, kökləri torpaqdan püskürüb çıxan nil (azat), ağcaqayın, vələs, qızılgöz, talış meşəsinin zəngin xəzinəsidir. Payız fəslində dəmirağacının qırmızıya çalan yarpaqları necə də, heyranedicidir. Bu ağac möhkəmliyinə görə fil sümüyünə bərabərdir. Yandıqda yüksək istisi olur. Oduncağından maşınqayırma sənayesində, xüsusən toxuculuq sənayesi üçün lazım olan avadanlıqların hazırlanmasında, habelə kosmik sənayedə istifadə olunur. Nil ağacı da çox möhkəm oduncaqlı olur, uzunömürlüdür.
Bəli, əvvəllər eşitdiklərimi oxuduqlarımı talış dağlarının ətəklərində yamaclarında gəzərkən bir daha duydum ki Ulu Tanrı bu diyardan heç nə   əsirgəməyib. Zümrüd dolu yamacları, hər addımbaşı ahəngdar şırıltısı ilə axan durna gözlü bulaqları, füsunkar şəlalələri, ürkək-ürkək keçilən dar cığırları, eramızdan əvvəl IV və III minillikdən soraq verən möcüzəli abidələri, əsrlər boyu insanların pənah apardığı ziyarətgahları, can dərmanı ətir qoxuyan rəngbərəng çiçəkləri seyr etdikcə, özümü sanki nağıllar aləmində hiss edirdim. Hamoşam, Toradi, Pəlikəş, Sım və dağlara sığınmış başqa kəndləri gəzərkən hər gün pay-piyada daşlı-kəsəkli  yolu 10-15 kilometr getməli olurdum. Ömür boyu hamarlıqda, rahatlıqda gəzdiyimdən dolanbac yolları keçməkdə eniş-yoxuşu qalxıb enməkdə hardasa çətinlik çəksəm də, möcüzəli aləm məni sanki ovsunlamışdı…
Bu yazıda dağlara sığınmış üç kənddən söz açılır.

Toradi

 Toradi – talışca tora oxşayan kənd mənasındadır.
Qıvrıla-qıvrıla dağ döşünə qalxan yolları aram-aram yeridikcə, gah yaxınlaşan, gah da uzaqlaşan əfsanəvi “Gəlin daşlarını” düşünürdüm. Əlbəttə əcayib daşların forması inandırıcı olmasa da, min illər boyu xalqın yaddaşında yaşanan, nəsildən-nəsilə ötürülən rəvayətlərə istinad edirik.
Şırhaşırla axan bulaq başında dağları seyr edirdim. Gün quruba, qızılı rəngə boyanmaqda, dağların örpəyi duman yamacları bürüməkdə idi. Həzin bir sakitlik olsa da, uzaqdan qoyun quzuların mələşməsi və könül oxşayan  bir tütək səsi dağlarda əks-səda verirdi. Həmin an sayacı sözlər yadıma düşdü.
Nənəm qoyunun-qarası
  Qırxlılı polaq parası
   Yaz günü dələməsi
   Yay günü kürəməsi
    Qış günü qovurması…
    Əfsanəvi “Gəlin daşları”nı özündə yaşadan Toradi kəndində əsrlərin yadigarı “Baba Rəsul” ziyarətgahı həm yerli camaatın, həm də qonaqların inanc yeridir. Deyilənə görə müxtəlif, xüsusən əsəb xəstəliyi olanlar bu ziyarətgahda Allahdan pənah diləyirlər. Ziyarətgahlarla bağlı bir neçə versiyada rəvayətlər vardır. Bir gün Teymurləng (orta Asiyada iri feodal hakimin 1370-1407) (bu illər ərzində üç dəfə Azərbaycanda olub) öz qoşunu ilə “Bi” yaylağında dincəlirmiş.Arada Otəşəsığunəband adlanan dağdan Toradini seyr edirmiş. Hündürlükdən aşağı baxarkən gözünə toyuq-cücə görsənir. Özünəməxsus Şahin quşunu göndərir ki, onlardan gətirsin.  Lakin quş əliboş qayıdanda sahibi hislənir və  başını bədənindən üzür. Bu hal ikinci dəfə də, təkrarlanır. Bundan şübhələnən hökmdar sərkərdəsini toyuq-cücə sahibinin üstünə göndərir ki yanına gəlsin. İxtiyar qoca isə Teymurləngin elçisinə “ona lazımamsa özü gəlsin” deyir. Sərkərdə bu cavabdan əsəbləşərək qılıncı ilə qocanın üstünə cumanda qolu bir andaca quruyur.
         Ömrü boyu dünyaya ağalıq etmək xülyası ilə yaşamış insan başından minarələr, qəsrlər ucaltmış, ölümündən sonra neçə qərinələr ötsə də, məzarı hələ də sirli, müəmmalı qalmış Teymurləng xəbəri eşidən an hakimliyini unudur və övliyanın yanına düşüb ondan üzr istəyərək “dünya malından nə istəyirsən sənə bağışlayım” deyə soruşur. Baba Rəsul “səndən heç nə istəmirəm, amma yaxşı olar ki, ərazimə dəyməyəsən” cavabını verir.
         Tarixdən məlumdur ki, orta əsrlərdə müsəlman ölkələrində ruhaniyə, mollaya, alimə, sufi təriqət başçılarına “Baba” ləqəbi verilərmiş. Məlumat üçün xatırladım ki, Şıxəkəranda “Baba Mısi”, Taxtakəranda “Baba Kərim”, Təngərüddə “Baba Cəbrayıl”, Kakalosda “Baba Məhəmməd”, Lerikdə “Bobo gil” ( əslində baba olub) kimi ziyarətgahlarımız vardır.
         Dolanbac kənd yolunda hər daşa, gül-çiçəyə, hətta rəngbərəng çöl otlarına, yağışdan çuxurlanmış daşlardakı “gölməçələrə” heyrətamiz hisslərlə baxırdın. İlin  hansı fəsli olursa olsun, dağ kəndindəki qeyri-adi cazibədarlıq  insanı valeh edir. Xüsusən, yaz-yay aylarında göydələnə ucalan ağacların əzəməti – yaşıllığı, çayların şırıltısı, quşların ahəngdar civiltisi hətta cırcıramanın səsi belə adamda xoş ovqat yaradır. Bəli, gözəlliklər məskənində insan özünü göyün ənginliklərində üzən qartal kimi hiss edir.

Hamoşam

Hamoşam talışca mənası həmo – hamar yer, “şəm” isə çay qırağı deməkdir. Sovet İttifaqının Azərbaycanlılar arasında ən gənc qəhrəmanı Mirzə Cəbiyev bu kəndin yetirməsidir.
 Hamoşamda yaşamış XX əsrin əvvəllərində Əfqanıstandan dağlara pənah gətirmiş Hacı Əfqan öz dövrünün nüfuzlu şəxslərindən olub. Savadlı tarixçi kimi bu gün də, yaddaşlarda yaşayır. Hacını həqiqətən dünyagörüşlü, təbiətən ağır,  kamil bir şəxsiyyət kimi görənlər olub.  Məhz ona görə də  məzarı bu gün ziyarətgah kimi tanınır.
“Şeyx İzacəddin” ziyarətgahı da, Hacı Əfqandan 30 metr aralı orta əsrlərdən yadigarıdır. “Məhəmməd Mazandarani” ziyarətgahı da, o dövrdən qalmadır. İranın Mazandaran vilayətindən dağlarımıza pənah gətirmiş bu şəxs uzun illər Hamoşamda yaşamışdır. Tarixçinin dediyinə istinadən o, gözəl şeirlər yazırmış. Vəsiyyətinə görə  Reqluba kəndinə gedən yol kənarında Qəvulda (iki dağ arası) basdırılıb. Qocaman palıd ağacının yanında üzü qibləyə sarı uyuyan qərib övliyanın ruhunu Mazandaran gələn Vətən küləyi oxşayır.
         Hamoşamda Klimbi, Mazqət, Diqo, Hamoəhi (qədim yaşayış yeri olub), Lotayin, Sebesti, Jəjəni məhələləri və  Kovyarü, Uvarü, Bəşərü, Əzərü, Vovarü kimi çayların tarixi də qədimdən qədimdir. Bu kənddə “Haftçəşmə”, “Podşuhunu”, “Kijəhünü”, “Nisuhünü”, “Vovahünü” kimi bulaqlar da mövcuddur.
Hamoşamda yaşayış sahəsi olan Mazqətin tarixi dəmir dövrünə, erkən orta əsrlərə gedib çıxır. 2 hektar ərazisi olan məkanın üç tərəfi yamacdır. Cənubdan isə Mazqətəband adlanan dağa söykənir. O dövrdə əraziyə 250-300 məsafədən saxsı su boruları ilə bulaq suyu da çəkilib. Burada qədimdən iri daş sütunlardan tikilmiş möhtəşəm məbədin olması da, ehtimal olunur. Təsərrüfatçılar işləyərkən torpaq altından hələ də yonulmuş sütunlar çıxır, hətta orada maddi-məişət  zinyət əşyaları da, tapılıb. Mənbələrdən bizə məlumdur ki, atəşpərəst məbədlərinin olduğu yerlər “Mazqət” adlanır. İranda, talış bölgələrinin müxtəlif guşələrində Mazqət adlı məkanlar da var. Arxeoloqların mülahizəsinə əsasən XI XII əsrlərdə Mazqətdə inkişaf etmiş su təchizat sistemi və monomental tikilili yaşayış məskəni də, olub.
         Hamoşam kəndinin 4-5 kilometr qərbində “Lulim”, “Bi” yaylaq və otlaq sahəsi mövcuddur. Araşdırmalara əsasən əslində bu yer qədimdən şəhər olub. Tarixi ədəbiyyatlarda  Lulim toponimi e.ə III əsrin ortalarında yaşamış Lulubi tayfalarının adı ilə bağlıdır. Belkə də, “Lulim” və “Bi”də tayfa ittifaqına mənsub olub.
   Lulubi tayfa ittifaqının ən məşhur hökmdarının adı Anbuan olub. Hamoşamın Lulim ərazisində “Şeyx Ambə” adlı pir vardır. Qədimdə olduğu kimi indinin özündə də, yağış yağmayanda orada qurban kəsilir. Bu gün hamoşamlılara “anbəj” deyilir. Oxşarlıq olsa da, əlbəttə yenə də araşdırmalara ehtiyac duyulur.
 Pəlikəş
   Pəlikəş talışca (pəl-bel, kəş-qol) yəni bellənmiş dərə deməkdir. Bu kənd  şirin xatirələrlə hələ uşaq ikən yaddaşımda həkk olunub. Həyata göz açmazdan əvvəl rəhmətlik atam bu kənddə məktəb direktoru işləyib.
Müxtəlif yerlərdə məktəb direktoru, müəllim işləmiş atam hər yerin abı-havasından, insanların xarakterindən bizə “nağıl” edərdi. Bəli, atamın söhbəti elə şirin olardı ki, sanki nağıl dinləyirmiş kimi ona qulaq asardım. Ona görə də, kənddə olarkən ilkin Pəlikəş məktəbinə getdim. Bir zaman atamın ayaq basdığı torpağı belə oxşamaq, əzizləmək istəyirdim. Elə şirin xatirələrin ağuşunda kənddəki ziyarətgahları da, ziyarət etdim.
Pəlikəşdə “Şeyx Nəsrullah” “Pinsıbisalo”, “Piəhoci”
 “Pirverdisalo”  kimi ziyarətgahlar neçə əsrdir ki, insanların inanc yeridir. Pəlikəşin Sipyət ərazisində olan “Şeyx Nəsrullah” ziyarətgahına gedən yol meşə içi dar cığırdan keçir. Sanki mürgüləyən meşənin sükutunu ziyarətçilərin həniri pozur. Xüsusən, yay aylarında ziyarətə gedənlərin, qurban kəsənlərin sayı-hesabı bilinmir. Sərin, yam-yaşıl məkanda uyuyan şeyxin ziyarəti hardasa, tanışların dostların görüşdüyü, söhbətləşdiyi yer kimi də, başa düşmək olar. Çünki aylarla görmədiyin dost, tanışla burada qarşılaşırsan.
         Ərdəbil şəhərindən əmisi Mirabbasla zonamıza təşrif gətirmiş bu qəribanlar təbiətimizi bəyənmiş, hətta heyran olduğundan burada məskən salmışlar. Xətirləri əziz insan və seyid övladı kimi neçə əsrdir insanların yaddaşında yaşayırlar.
         “Pinsıbisalo” – ziyarətgahı haqqında hələ uşaq ikən atamdan eşitmişdim. Nəhayət,  yarım əsrdən sonra mənə də, ziyarətgahı görmək nəsib oldu. Həm də, bir yazar kimi 2003-cü ildən belə 4 dəfə ziyarətgahda olmuşam və təəssüratlarımı “Nura qərq olmuş Astaram” kitabımda bəhs etmişəm. Sevindirici haldır ki,  o kitabdan sonra dağ zonasına arxeoloqların, etnoqrafların və xarici qonaqların gəlişi çoxalıb.
         Öz dövrünün hörmətli, dünyagörüşlü ziyalısı olmuş bu şəxs o zaman əyalətdə satışa gətirilmiş bütün spirtli içkiləri dərin qazdırılmış quyuya atırmış ki, məmləkətdə dərd-sər faciə, kədər uzaq olsun. Haqqın-ədalətin, düzdüyün, insanlığın fövqündə olmuş bu şəxsiyyəti ziyarət edən də, et
məyən də onu hörmətlə, məhəbbətlə yad edir.
         “Piəhoci” – Pəlikəş qəbristanlıqındakı bu məzarın tarixi olduqca qədimdir. Sağlığında təbiətən ağır, kəramətli şəxs kimi tanınmış bu insanın  ziyarəti yaddaşlarda hələ də, yaşadığını, unudulmadığını ifadə edir.
         Püy – Sipyət kəndinin yaxınlığında qədimdən qədim yurd yeridir. Qədim dövrdən XX əsrin ortalarına qədər bu ərazidə müəyyən fasilələrlə yaşayış olmuşdur. Ən maraqlısı budur ki, Azərbaycanın başqa bölgələrində də – Ağstafada, Oğuzda, Şəmkirdə, İsmayıllıda Poylu adında kəndlər, qəsəbələr vardır. Oxşarlığa görə bəlkə də, çox əvvəllər Püydə yaşayanlar başqa bölgəyə köçüblər. Hər halda doğrusunu tarixi araşdırmalar üzə çıxarda bilər.
         Sipyət (Ağkənd deməkdir)    Bu kənddə əvvələr atəşpərəstlərin məbədi olması da ehtimal olunur. Hətta 1970-1990-cı illərə qədər məbəd özülünün qalıqları da, burada aşkar olunub.
         Sipyəpad və Piəjenipard tarixçinin fikrinə istinadən XVII-XVIII əsrlərdə Səfəvi-Osmanlı müharibələri baş verdiyindən  iki dövlət arasındakı düşmənçilik onların ərazisindən keçən karvan yollarının dəyişilməsinə də, səbəb olur. Bu zaman cənub-şimal ticarət yolunun əhəmiyyəti də, xeyli artır. Bu dövrdə Təbriz-Ərdəbil, Lənkəran-Bakı, Dərbənd və ya Təbriz-Ərdəbil- Astara –Həştərxan ticarət yollarının müəyyən hissəsi bizim Astara ərazisindən keçir. Həmin yol Təngərüd (Pensər) çayının bir neçə dəfə kəsir. Nəticədə, yaz və payız aylarında yağan yağışdan çayda su artır və karvanların hərəkət etməsinə müəyyən qədər çətinliklər yaradır. Ona görə də, çayın üzərində tağlı, uzunömürlü, möhkəm körpülərin tikilməsinə böyük ehtiyac duyulur.   Elə Sipyəpard və Piəjenipard (Ağ körpü, Qarı körpü) də, bu məqsədlə inşa edilmişdir. Hər iki körpü Pəlikəş ərazisinə aiddir. Körpülərin arasındakı bir yeri yerli əhali “Karvansu” kimi tanıyır. Çox güman ki, həmin yerdə Ərdəbil Lənkəran istiqamətində, ya da əksinə hərəkət edən karvanların gecələdiyi Karvansaray olub. Adətən, Karvansaraylar 6-7 fərsəx (bir fərsəx  7 km) məsafədə yerləşirmiş. Elə Karvansu da həmin məsafəyə uyğun gəlir.
         Sipyəpard və Piəjenipard 1956-cı ilə qədər mövcud olub. Güclü leysandan sel yaranmış, hər iki körpü uçulub dağılmışdı. Müasir dövrdə hər yerdə olduğu kimi dağ kəndlərində də geniş abadlıq aparılmış, yollar düzəldilmiş, yeni körpülər salınmışdı. Əfsanəvi körpülər isə tarixi abidə kimi xatirələrdə yaşamaqla yanaşı ətrafındakı mənzərəsi, axarlı-baxarlı təmiz havası, göz oxşayan yaşıllığı və şırhaşırla axan çayı ilə – istirahət məkanı kimi dillərdə dastandır.

(ardı var)

Astarainfo.az

Gülnar Əsədli