“Ümumi və qeyri-üzvi kimya” kitabı nəşr olunub

Professor Teymur İlyaslının “Ümumi və qeyri-üzvi kimya” kitabı çapdan çıxıb.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, kitabda ümumi və qeyri-üzvi kimyanın nəzəri və təcrübi məsələləri nəzərdən keçirilib. Elementlər və onların birləşmələri D.İ.Mendeleyevin dövri sisteminə uyğun olaraq qruplar üzrə, əvvəlcə qeyri-metallar (s- və p- elementləri), sonra isə metallar (s-, p-, d- və f- elementləri) öyrənilib. Hər bir qrup elementinin xarakteristikası, eləcə də qrupun ümumi xarakteristikası təqdim edilib. Ayrı-ayrı elementlərin alınma üsulları və kimyəvi xassələri ilə yanaşı, onların təbiətdə yayılması, mineralları, molekullarının əmələgəlmə xüsusiyyətləri, fiziki və mexaniki xassələri də verilib.
Nəşrdə, həmçinin elementlərin quruluşu və tətbiq sahələri geniş şərh edilib.
Kitab tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.