Son illər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq və qayğı şöbəsinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ərzində ağır formalı vərəmli xəstələrə və onlara xidmət göstərən tibb işçilərinə psixo-sosialyönümlü fəaliyyətlərin həyata keçirilməsində böyük təcrübə qazanıb.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Səbail rayonundakı 3 nömrəli vərəm əleyhinə dispanserdə keçirilib. Tədbir zamanı xəstələr öz həyatları, üzləşdikləri xəstəlik barədə onları yoluxmağa gələn cəmiyyət üzvlərinə söhbət açıb, onlara göstərilən ailə üzvlərinin dəstəyi barədə məlumatlar veriblər. Vərəm xəstələri bu cür yardımın onların sosial və psixoloji vəziyyətlərinə göstərdiyi müsbət təsiri qeyd ediblər.

Cəmiyyətin üzvləri vərəm xəstələrinin yaşayış imkanları, dərmanların onların sağlamlığına göstərdiyi təsir, müalicələr müddəti və digər ehtiyacları ilə maraqlanıblar. Tədbir zamanı, həmçinin, səhhəti ağır olan xəstələrə qulluq edən həkim və tibb işçiləri ilə görüşüb fikir mübadiləsi aparıblar. Xəstələrin dediyinə görə, psixoloji yardım onları müalicəni davam etdirməyə ruhlandırır və onu uğurla sona çatdırmağa həvəsləndirir.

Dispanserdə müalicə alan xəstələrlə görüş onların psixoloji durumunun dəyişməsinə və əhvali-ruhiyyənin yaxşılaşmasına səbəb olub.