9 yaşlı amerikalı Jack Davis işləmək üçün NASA-ya müraciət edib.
NASA-nın ötən həftə “planet mühafizəçisi” axtarışında olduğunu elan etməsindən sonra bu postu tutmaq üçün çoxsaylı müraciətlər edilib.
Bunlardan ən diqqət çəkəni 9 yaşlı Jack Davisin müraciətidir. O, NASA-ya məktub yazaraq bu iş üçün ən uyğun namizəd olduğunu bildirib. Məktubunda üstünlüklərini belə dilə gətirib:
“Adım Jack Davis və “planet mühafizəçisi” vakansiyası üçün müraciət edirəm. 9 yaşım olsa da, bu iş üçün uyğun olduğumu düşünürəm. Belə düşünməyimin səbəblərimdən biri bacımın mənə “yadplanetli” deməsidir. Demək olar ki, kosmos və super qəhramanlar haqqında olan filmlərin hamısını izləmişəm. Kompüter oyunlarında da yaxşıyam. Olduqca gəncəm və buna görə “yadplanetli” kimi düşünməyi öyrənə bilərəm”.
NASA-nın Planeti Öyrənmə Şöbəsinin müdiri James L. Green isə 9 yaşlı uşağa cavab məktubunda qeyd edib: “Bizə həmişə kömək edə biləcək parlaq zəkalı alim və mühəndislər axtarırıq. Ümid edirəm ki, dərslərini yaxşı oxuyacaqsan və gələcəkdə səni NASA-da görəcəyik”.
Qeyd edək ki, “planet mühafizəçi”ləri NASA missiyalarının kosmosa zərər verib-vermədiyinə nəzarət edir. Həmçinin kosmosdan planetimizə gətirilən nümunlərin mikrob daşıyıb-daşımamasını araşdırır. NASA isə bu işçilərinə illik 187 min dollar maaş verir. /azvision.az