Azərbaycanda avqustun 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28°, gündüz 32-37°, Bakıda gecə 26-28°, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacaq.
Sinoptiklərin xəbərdarlığına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcəyi gözlənilir.
Tibbi meteoroloji proqnoza əsasən, avqustun 10-11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5° aşağı enməsi müsbət amildir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 17-22°, gündüz 27-32° isti olacağı gözlənilir.
Avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, yağıntının Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək. Böyük Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.