Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilən və Milli Mətbuat Günü ərəfəsində istifadəyə verilən ikinci bina 255 mətbuat işçisinin mənzil problemini birdəfəlik həll etdi. Mənzillərin paylanmasında dövlətimizin başçısının iştirakı, həmin gün üçüncü binanın təməlinin qoyulması “Jurnalistlərin dostu” adına layiq görülən Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.
AZƏRTAC xəbər verir ki, yeni mənzillərin sevincini yaşayan media işçiləri, eləcə də jurnalist kollektivləri bu nəcib təşəbbüsə görə Prezidentə çoxsaylı təşəkkür məktubları ünvanlamaqda davam edirlər.
Veteran jurnalist Akif Cabbarov məktubunda yazır: “Hörmətli cənab Prezident, Sizin Azərbaycan mətbuatının inkişafına, jurnalistlərin sosial ehtiyaclarının ödənilməsinə istiqamətlənmiş siyasətinizi ürəkdən bəyənir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da tərəqqisi yolunda fəaliyyətinizdə uğurlar arzulayıram. Yeni mənzil alanlar arasında mən də varam və bir veteran jurnalist kimi ailəmizə hədsiz sevinc yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.
Prezidentin təşəbbüsü ilə ölkəmizdə daha bir yaşayış binasının 255 jurnalistin ixtiyarına verilməsi mətbuat tariximizdə mühüm bir hadisə olmaqla yanaşı, həm də Azərbaycan KİV-nə növbəti qayğı və diqqətin bariz nümunəsi, beynəlxalq səviyyədə analoqu olmayan təmənnasız humanist dəstək kimi dəyərləndirildiyini deyən “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev məktubunda qeyd edir: “Cənab Prezident, Siz bu xeyirxah təşəbbüsünüzlə azad sözün, azad mətbuatın və jurnalist azadlığının əsas təminatçısı olduğunuzu bir daha sübuta yetirdiniz. Bir daha bütün dünyada medianı ölkə problemlərini işıqlandırmağa səfərbər edən müdrik strateq kimi tanındınız. Siz bununla həm də mətbuatı dövrün təlatümlərindən, ictimai burulğanlarından xilas edib, onu Azərbaycan platformasına çıxaran böyük vətənpərvər olduğunuzu sübuta yetirdiniz.
Möhtərəm Prezident, sözün həqiqi mənasında, mətbuatın əsl təəssübkeşi, jurnalistlərin böyük dostu olduğunuza görə ailəm, eləcə də həmkarlarım adından Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.
Digər bir minnətdarlıq məktubuna nəzər yetirək. CBC telekanalının baş direktoru Azər Xəlilov yazır: “Möhtərəm cənab Prezident, Azərbaycan jurnalistikasına və media işçilərinə daim göstərdiyiniz diqqət və qayğıya görə rəhbərlik etdiyim CBC telekanalının kollektivi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Milli Mətbuat Günü ərəfəsində məişət şəraitinin yaxşılaşdırılması məqsədilə KİV işçilərinin mənzillə mükafatlandırılması, Sizin həyata keçirdiyiniz digər tədbirlər media işçilərinə qayğı və diqqətin dünya miqyasında nadir nümunəsidir. Media sahəsinə göstərdiyiniz qayğı jurnalistlərin daha məhsuldar və səmərəli fəaliyyəti üçün əlavə stimuldur. Sizin bu addımlarınız Azərbaycanda sabitliyin, sosial ədalətin, söz azadlığı və plüralizmin daha da möhkəmlənməsinə xidmət edir, iqtidarla xalqın vəhdətini daha da gücləndirir. Sizin gündəlik fəaliyyətiniz, Azərbaycanın milli və dövlət maraqlarını qətiyyətlə və güzəştsiz müdafiə etməyiniz biz jurnalistlər üçün vətənpərvərliyin və informasiya cəbhəsində məharətli ideoloji mübarizənin parlaq nümunəsidir.
Möhtərəm cənab Prezident, Sizin proqram xarakterli nitqinizdə göstərilən istiqamətlərə uyğun olaraq vətənpərvər, məsuliyyətli, obyektiv jurnalistikanın inkişafı və Azərbaycan həqiqətlərinin, ölkəmizin haqq səsinin dünyaya çatdırılması, düşmən üzərində Böyük Qələbəmiz naminə biz jurnalistlər fəaliyyətimizi daha fədakarlıq və əzmkarlıqla davam etdirəcəyik”.
Jurnalistlər üçün tikilən binada “Lider” televiziyasının 6 əməkdaşı da mənzillə təmin edilib. İlqar Əsədov, Mətanət Ağamirli, Elnarə Dərziyeva, Fizuli Elyazov, Maarif Məhərrəmbəyli və Fuad Dostəliyevin Prezidentə ünvanladıqları məktubda deyilir: “Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev 2001-ci ildə jurnalistlərlə görüşlərindən birində Azərbaycan Prezidenti kimi söz, mətbuat azadlığının təminatçısı olduğunu vurğulamışdı. Hazırda Sizin bu missiyanı şərəflə davam etdirməyiniz bir vətəndaş kimi bizi qürurlandırır. 2003-cü ildən bəri həm də azad sözün, mətbuatın inkişafındakı misilsiz xidmətlərinizə görə media nümayəndələri Sizi ölkə üzrə keçirilən sorğuda “Jurnalistlərin dostu” seçib. Həmin mükafatın təqdimatında Siz jurnalistlərin dostu olmağın böyük şərəf və məsuliyyət olduğunu bildirdiniz.
Bu gün minlərlə həmkarımız kimi, biz də Sizinlə dostluğumuzdan, beynəlxalq arenada Sizin kimi qüdrətli liderimizin söz sahibi olmasından sonsuz qürur hissi duyuruq.
Cənab Prezident, illər öncə biz jurnalist olaraq fəaliyyətə başlayanda və bu illər ərzində bir vətəndaş kimi Vətənimizə, dövlətimizə, xalqımıza xidmət göstərəndə nə vaxtsa KİV nümayəndələrinə mənzil veriləcəyi ilə bağlı fikirlər belə yox idi. Təmənnasız, qarşılıqsız, illərlə fədakarlıqla çalışan jurnalistlərin əməyinə cavab olaraq “Jurnalistlər şəhərciyi” yaratmağınız Sizin çox nəcib, humanist, insanpərvər şəxsiyyət kimi hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha təsdiq edir.
Azərbaycan mətbuatının yaranmasının 142-ci ilində 255 jurnalist ailəsinə bəxş etdiyiniz sevinc dövlətimizin gücünü, öz vətəndaşına, sözə və mətbuata münasibətini göstərdi, hətta tənqidçi jurnalistlərin, dünyasını dəyişmiş media nümayəndələrinin yükünü öz üzərinə götürməsi ilə ortaya misilsiz bir nümunə qoydu. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycan jurnalistikasının inkişafını, mətbuat nümayəndələrinin öz peşəkarlığını artıraraq, informasiya savaşında daha da səylə çalışmasını şərtləndirən amillər rolunda çıxış edir. Əminik ki, Sizin təşəbbüs və rəhbərliyinizlə jurnalistlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr bizim və bütün media nümayəndələrinin yaradıcılığında, peşəkarlığında, fəaliyyətində özünü göstərəcək.
Bu gün yeni bir Azərbaycan qurulur. Bu müasir məmləkətin qurucusu məhz Sizsiniz! Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında söz sahibidir. Bakıdan tutmuş ən ucqar kəndlərə qədər Azərbaycan başdan-başa abadlaşır, gözəlləşir. Şərqlə Qərbin harmoniyasını əks etdirməklə müasirləşir. Bölgələr daha da sürətlə inkişaf edir. Saysız-hesabsız iş yerləri açılır, məcburi köçkünlərin sosial problemləri həllini tapır və s. Həmçinin Azərbaycan jurnalisti məhz Sizin qayğınızla dövlət tərəfindən evlə təmin olunur. Bütün bu uğurlar, nəticələr, gözəlliklər məhz Sizin adınızla bağlıdır, cənab Prezident! Bütün bu fundamental quruculuq işlərinə görə, biz jurnalistlər Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident, “Lider” televiziyasının mənzillə mükafatlandırdığınız altı əməkdaşı adından Sizə minnətdarlıq edir, Azərbaycanımız naminə yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və böyük uğurlar diləyirik!”