Avqustun 9-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

İclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul olunub. Həmçinin “TV Texservis” kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, Qubada fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinin adının dəyişdirilməsi ilə əlaqədar ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və “Albax TV” MMC-yə 2011-ci iyulun 27-də kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul olunub.