ABŞ-ın vitse-prezidenti Mayk Pensin Estoniya, Gürcüstan və Monteneqroya səfəri ilə bağlı ekspertlər fikir yürüdür, geosiyasi xarakterli proqnozlar verirlər. Çünki M.Pens Tallinn, Tbilisi və Podqoritsada qlobal geosiyasətlə bağlı fikir bildirib. Onun əsas tezisi Amerikanın hər bir dostunun yanında olduğunu əsaslandırmaqdan ibarət olub. Amerika rəsmisinin sözlərinə görə, həmin istiqamətdə Vaşinqton lazım olan bütün addımları atmaqdadır. Əsas təhlükə mənbəyi isə Rusiyadır. Moskva Balkanlarda Avropanı parçalamaq istəyir, Baltik ölkələrini, Ukraynanı və Gürcüstanı təhdid edir. Son zamanlar isə onların sərhədlərinə yaxın yerlərə böyük hərbi qüvvə toplayır. Kreml bu ittihamları rədd edərək, ABŞ-ın Rusiyaya qarşı aqressiv siyasət yeritməyə başladığını vurğulayır. Belə görünür ki, dünyanın iki supergücü arasında mübarizə yeni gərginlik səviyyəsinə yüksəlir. Bunun fonunda regional və qlobal geosiyasətdə hansı tendensiyaların meydana gələ biləcəyi üzərində düşünmək maraqlı olardı.
Amerikanın sözü: reallığın fonunda
ABŞ-ın vitse-prezidenti Mayk Pens maraqlı səfər marşrutu seçib. O, Baltika, Cənubi Qafqaz və Balkanlarda müzakirələr aparıb. Bu marşrutun coğrafiyasına baxdıqda, aydın görünür ki, Vaşinqton Rusiya ilə bağlı təhlükəsizlik məsələlərini bir neçə ölkədə müzakirə edib. Daha konkret desək, Moskvanın yaratdığı təhlükələrdən müəyyən qrup dövlətlərin qorunması üçün addım atılır. Ekspertlər amerikalı rəsmi şəxsin səfərini məhz bu aspektdə şərh edirlər. Məsələyə bütövlükdə qlobal təhlükəsizlik və ABŞ-Rusiya-Avropa münasibətləri kontekstində nəzər saldıqda, geosiyasi əhəmiyyətli maraqlı qənaətlər əldə etmək mümkündür.
Mayk Pensin özü Avropa turnesinin əsas məqsədini Tbilisidə keçirdiyi mətbuat konfransında açıq ifadə edib. O deyib ki, başlıca məqsəd NATO-nu möhkəmləndirmək və Moskvanı ram etmək üçün keçmiş sovet respublikaları ilə əməkdaşlığa dəstək verməkdən ibarətdir (bax: “Московские агенты пытались убить премьера Черногории” / “gazeta.ru”, 2 avqust 2017).
Sözlərinə davam edərək o, ifadə edib ki, Prezident Tramp Baltikyanı ölkələri, Gürcüstanı və Monteneqronu Rusiyanın onların sərhədləri yaxınlığına böyük hərbi güc topladığı bir zamanda yalnız buraxmayacaq (bax: əvvəlki mənbəyə). Adını çəkməsə də, təbii ki, bu siyahıya Ukrayna da daxildir. Burada sadəcə vitse-prezidentin demək istədiyi yeni bir geosiyasi mesaj vardır.
Məsələ belədir ki, Qərb Rusiyanı sərhədləri boyu sıxışdırmaq taktikasına əl atır. Bu xətt Baltikyanıdan başlayır, Ukrayna və Cənubi Qafqazdan keçməklə və Balkanları da əhatə etməklə, Mərkəzi Asiyaya qədər uzanır. Amerika əvvəllər də bu kursu gözləyirdi, ancaq indi o, aktiv fazaya keçib. Geosiyasi kontekstdə düşündürücü də elə məhz bu məqamdır.
Belə görünür ki, Qərb Rusiyanı birbaşa sərhədləri ətrafında qurmaqda olduğu geosiyasi-hərbi oyuna sürükləyir. Monteneqro burada səbəbdən çox, bəhanə rolunu oynayır. Çünki bu ölkə NATO üzvüdür. Mayk Pens Podqoritsada çıxış edən zaman bildirib ki, Kreml regionda sabitsizlik yaratmaq istəyirdi, Monteneqronun baş nazirinə sui-qəsd həyata keçirmək fikrində idi və bununla Balkanları Avropadan ayırmağı planlaşdırırdı. Bəs bu prosesə nə mane oldu?
Əlbəttə, Balkan ölkələrindən bəzilərinin NATO-ya daxil olması. Deməli, NATO dostlarını çətin günlərdə yalnız buraxmır ki, Gürcüstan, Estoniya və Ukrayna da bunu nəzərə alsın. M.Pensin Monteneqro hadisəsini təkrar yada salmasının arxasında duran məqsəd, bizcə, bundan ibarətdir. Onu da vurğulayaq ki, Monteneqro bu ilin iyun ayında Şimali Atlantika Alyansına üzv olub. Onda Ukrayna və Gürcüstan da eyni addımı atsa, təhlükəsizliklərini NATO təmin edə bilər. Bu məqamı ekspertlər obrazlı belə ifadə edirlər: “ABŞ həmişə yanındadır! ABŞ heç kəsi unutmur! ABŞ təhlükəsizliyin təminatçısıdır!” (bax: əvvəlki mənbəyə).
Maraqlıdır ki, bu cür mövqeyə dünyanı inandırmaq üçün Vaşinqton birbaşa Rusiya faktorundan istifadə edir. M.Pens Monteneqroda çıxışı zamanı Moskvanı Suriyada da yanlış fəaliyyətdə qınayıb. O, ümumiyyətlə, Kremlin müasir qlobal geosiyasətdə, təhlükəsizliyin təminində neqativ rol oynadığından bəhs edib. Rusiyanı M.Pens İran və terrorizmlə yanaşı, Amerikanın təhlükəsizliyi üçün də əsas təhdidlərdən biri adlandırıb.
Mübarizə yeni mərhələdə: geosiyasi sabitliyə təhlükələr
Rusiya tərəfinin bu ittihamlara cavabı maraqlıdır. Moskva hesab edir ki, Amerika Rusiyaya qarşı aqressiv siyasət yeritmək xəttinə əsas yer verməyə başlayıb. Eyni zamanda, Vaşinqton “Rusiya ilə yaxşı münasibətlərin də mümkünlüyünü” vurğulayır. Bu o deməkdir ki, ABŞ-ı Moskvanın müəyyən addımları qane etmir ki, onlar aradan qalxsa, fərqli vəziyyət yaranar.
Bütün bunlar təbii ki, bu və ya digər dərəcədə geosiyasi mənzərəyə təsir edir. O cümlədən ABŞ-ın Cənubi Qafqazda yeritdiyi siyasətin mümkün nəticələri barədə fikir yürütmək olar. Amerika açıq-aşkar Gürcüstanın təhlükəsizliyi üçün qayğılı olduğunu ifadə edir. Bu aspektdə NATO-nun bu kiçik Qafqaz ölkəsinə daha çox nüfuz etmək planı haqqında danışa bilərik. Amerika Konqresi yaydığı xüsusi informasiyada Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini də vurğulayıb. Maraqlıdır, Ağ Ev niyə Azərbaycanın adını yuxarıda vurğulanan kontekstlərdə çəkmir?
Belə çıxır ki, sözdə demokratiya, reallıqda isə “ikili standartlar” siyasəti davam edir! Vaşinqton Azərbaycanın ərazi bütövlüyündən bəhs edirsə, onda Ermənistanla bağlı konkret mövqeyini də ifadə etməlidir. Bunu etmək istəmir, çünki ortada din faktoru var. İslamofobiya Qərb siyasi dairələrinin şüurunda getdikcə daha çox yer alır. Bunu Yaxın Şərqdə, Türkiyəyə, İrana, Pakistana münasibətdə aydın görürük. Təəssüf ki, bu proses hələ də davam edir.
O halda ABŞ-Rusiya-Avropa xəttində özünü göstərən bu gərginlik hansı geosiyasi nəticələr verə bilər? Hər şeydən əvvəl onu deyək ki, Amerika ilə Rusiya arasında münasibətlərin səngiməsini gözləmək əbəsdir. Tərəflər bir sıra yumşaldıcı bəyanatlar versələr də, reallıqda öz mövqelərini getdikcə daha sərt şəkildə müdafiə edirlər. Belə hesab etmək olar ki, dünya miqyasında liderlik uğrunda mübarizə yeni çalarlar alır. ABŞ NATO vasitəsilə Avropa və Qafqaz istiqamətindən Rusiyanı hərbi təzyiq altına almağa çalışır. Moskva isə buna qarşılıq Baltikyanı, Ukrayna və Cənubi Qafqaz istiqamətlərində hərbi gücünü artırmağa çalışır.
Bu iki tendensiyanın harada partlayış verəcəyini dəqiqi söyləmək çətindir. Lakin ekspertlərin rəyinə görə, Dağlıq Qarabağ münaqişəsi son dərəcə həssas mərhələyə keçib. Burada erməniləri istənilən tərəf – Rusiya, yaxud Amerika öz maraqları üçün təxribata çəkə bilərlər. Rəsmi İrəvan müstəqil mövqeyi olmayan bir qurum kimi, ağalarının əmrlərini dərhal yerinə yetirməyə çalışacaq. Təbii ki, buna Azərbaycan tutarlı cavab verməli olacaq. Havadarları tərəfindən istiqamətləndirilən Ermənistan bu üsulla regionda vəziyyəti sabitlikdən çıxara bilər.
Bunlar onu göstərir ki, Cənubi Qafqaz ABŞ-Rusiya geosiyasi qarşıdurmasının qaynar məkanlarından birinə çevrilə bilər. Aktiv diplomatik, geosiyasi, hərbi və siyasi fəallığın bizim regiona çox yaxınlaşdığını artıq həqiqət kimi qəbul etmək gərəkdir. NATO-nun Türkiyə kimi güclü üzvünə laqeyd münasibəti fonunda Amerikanın Gürcüstandan bəhs etməsi yuxarıda vurğulanan kontekstdə düşündürücü fikirlərə yol açır. Geniş aspektdə baxdıqda, NATO-nun müsəlman dövlətlərin böyük çoxluq təşkil etdiyi geosiyasi məkanda kiçik bir xristian ölkəsinə üstünlük verməsinin əsl səbəbləri haqqında bir daha fikirləşmək lazım gəlir. Ermənistan yalnız ona görə kölgədə qalır ki, o, tamamilə Rusiyanın çətiri altındadır.
Qeyd etdiyimiz sonuncu məqamın işığında ABŞ başda olmaqla NATO-nun obyektiv olaraq dünya təhlükəsizliyi üçün qayğılandığına inanmaq çətindir. Burada digər faktorlar mövcuddur ki, Qərb siyasi-hərbi dairələri ciddi-cəhdlə gizlədirlər və yalnız “demokratiya”, “insan haqları”, “qlobal təhlükəsizlik” və sair kimi gəlişigözəl sözlər, təmtəraqlı ibarələr işlədirlər. Ancaq dünya xalqlarının belə sözləri, ibarələri “həzm etmək” mərhələsini çoxdan keçdiklərini də anlamalıdırlar.
Deməli, yenə xüsusi maraqlara hesablanmış geosiyasi oyun, yenə təhlükəli addımlar və region xalqlarını qan-qadaya ata biləcək siyasi-hərbi planlar. Təəssüf ki, bu kimi tendensiyalara qarşı dura biləcək beynəlxalq təşkilatlar da müəmmalı şəkildə susur, dünyanın növbəti mərhələdə xaosa sürükləndiyini sadəcə müşahidə edirlər. Passiv müşahidəçiliyin sonu fəlakətdir. Bəşəriyyətin fəlakəti!
Newtimes.az