Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcək.
Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram cari ilin sentyabr – dekabr aylarını əhatə edəcək. Təcrübə proqramında iştirak etmək istəyənlər “Təcrübə proqramında qəbul üçün müraciət anketi”, şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini internship@fmsa.az elektron poçt ünvanına göndərməlidirlər. Proqramda iştirak üçün son müraciət tarixi sentyabrın 1-dir.
Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilib.