Mədəniyyət və Turizm Nazirliyinin razılığı və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü ilə muzey 2017-ci ildən regionlardakı bölgə muzeyləri ilə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir.
Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, ilk olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən bu bölgənin – Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi və İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi əməkdaşları ilə görüş keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyinin müvafiq bölgələrə ezam edilmiş əməkdaşları sadalanan muzeylərin fəaliyyəti, fondlarında qorunan eksponatların komplektləşdirilməsi, əsərlərin atribusiyası, tarixi, texnikası və onların ekspozisiyada təqdimat vəziyyəti ilə tanış olublar. Onlar mühazirə və ekskursiyaların dinlənilməsi ilə yanaşı, muzeyşünaslıq sahəsində yeniliklərlə bölgə əməkdaşlarını məlumatlandırıb, lazımı tövsiyələr verib və digər mövzularda metodiki yardım göstərib, treninqlər keçiriblər.
Milli İncəsənət Muzeyi bu növ işi Azərbaycanın digər bölgə muzeyləri ilə də həyata keçirəcək.
də həyata keçirəcək.