Ötən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilmiş, 300 müraciət, 12 spiker, 50 iştirakçı, 86 faiz işlə təmin olunmanı özündə cəmləşdirən “#SMM2017 Business breakfast” yenidən start götürür.
Müasir bazar iqtisadiyyatı şəraitində yüksək rəqabətliliyə davam gətirmək, məhsul və xidmətlərini mümkün qədər çox kütlə qarşısında tanıtmaq üçün bizneslər rəqəmsal marketinq alətlərindən istifadə etməyə məcburdurlar. Bu səbəbdən də məhsulların, xidmətlərin satışı və təbliği üçün istifadə olunan Sosial Media Marketinq (SMM) günümüzün vacib rəqəmsal marketinq alətinə çevrilib. SMM bir alət olaraq sosial şəbəkələrin insanların həyatında gündən-günə artan rolundan istifadə edərək, hədəf kütləsinə daha tez çatmaqla biznesin qarşısına qoyduğu məqsədləri həyata keçirməyə yardımçı olur.
AZƏRTAC xəbər verir ki, ölkəmizin rəqəmsal bazarında Sosial Media Marketinqi üzrə mütəxəssislərin kifayət qədər olmamasını nəzərə alaraq bu il də ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə “#SMM2017 Business breakfast” layihəsinə start verilir.
Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfə verməkdir. Layihə çərçivəsində öz sahələrinin peşəkarları bir ay müddətində “Rəqəmsal marketinq”, “SMM”, “Strateji marketinq”, “SEO” və sair üzrə bilik və təcrübələrini iştirakçılarla bölüşəcək. Nəzəri hissə başa çatdıqdan sonra isə praktiki təcrübə məqsədilə iştirakçılar arasında komandalar formalaşdırılaraq müəssisələrə SMM Plan hazırlamağa yönləndiriləcəklər.
“#SMM2017 Business breakfast” layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edir.
Qeyd edək ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində yarışmanı nəzərdə tutur.
Beləliklə, layihənin keçirilməsində əsas məqsəd keçən il olduğu kimi, təlim proqramını tərtib etməklə və iştirakçıların bu sahədə olan bilik, bacarıqlarını artırmaqla bu sahədə böyük tələbata malik olan SMM mütəxəssislərini əmək bazarına çıxartmaqdır.