İsveçin xarici işlər naziri Marqot Valström yerli KİV-lərə müsahibəsində Birləşmiş Ştatlara və Koreya Xalq Demokratik Respublikasına (KXDR, Şimali Koreya) müraciət edərək, onları ritorikanı yumşaltmağa çağırıb və Stokholmun iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Marqot Valströmün bəyanatı ABŞ ilə Şimali Koreya arasında gərginliyin artması və iki ölkənin liderlərinin sərt bəyanatlarla çıxış etməsi fonunda səslənib. Artıq bir neçə ölkə iki dövlət arasında gərginliyin artmasından və onların rəsmi bəyanatlarında tez-tez döyüş ritorikasından istifadə olunmasından narahatlıq keçirdiyini bildirib.

M.Valström tərəfləri eskalasiyanın qarşısını almağa çağıraraq deyib: “Bu ölkələrin liderləri elə bir vəziyyətə düşə bilərlər ki, geri çəkilmək getdikcə daha da çətinləşər. Üstəlik, səhvlər, yaxud anlaşılmazlıqlar riski mövcuddur”.

Krallığın xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Birləşmiş Ştatların Şimali Koreya ilə diplomatik münasibətləri yoxdur. Buna görə də İsveç həmin ölkədə Amerikanın maraqlarını təmsil edir. Bundan əlavə, İsveç Pxenyanda səfirliyini açmış, Böyük Britaniya və Avstraliya üçün də “qoruyucu qüvvə” rolunda çıxış edən ilk Qərb ölkəsidir. O deyib: “Söhbət regionda dialoq və danışıqlardan gedəndə bu, İsveçə unikal imkan verir. Əgər görsək ki, nə isə edə bilərik, biz bunu edəcəyik”.

Qeyd edək ki, Şimali Koreya qitələrarası nüvə raketlərinin növbəti sınaqlarını keçirdikdən sonra Koreya yarımadasında vəziyyət gərginləşib. Şimali Koreyanın bu addımı dünya birliyi tərəfindən kəskin etirazla qarşılanıb, BMT Təhlükəsizlik Şurası ölkəyə yeni sanksiyalar paketi tətbiq edib. ABŞ Prezidenti problemin həlli üçün hərbi tədbirləri istisna etməyib.

Rauf Əliyev

AZƏRTAC