“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin Simulyasiya Akademiyası” layihəsinin icrasına başlanılıb.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihəsinin əsas məqsədi iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həllində ölkə gənclərinin fəal iştirakının təmin edilməsidir. Həmçinin özəl və səmərəli idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması, uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılmasıdır. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etmək də layihənin məqsədlərindəndir.

Layihənin birinci günü Mir Əziz Əzizli tərəfindən “Biznes planı və sahibkarlıq” mövzusunda təlim keçirilib. İştirakçılar mövzu barədə ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

Layihə, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Ənənəvi neft və neft məhsullarının hasilat və istehsal amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunmamalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərinin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Bütün bunları nəzərə alaraq, ölkə gənclərində innovativ düşünmə meyillərinin artırılması, qərar qəbuletmə prosesində risklərin idarəolunması, antiböhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq “Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası nəzərdə tutulur.

Layihə müddətində “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” və “Dövlət strukturlarında qərar qəbulu” mövzularında da təlimlər keçiriləcək. Sonda təkliflər paketi hazırlanaraq, müxtəlif qurumlara təqdim ediləcək.