“Qadın gülərsə dünya da gülər”- Polemik söhbət

Qadın böyük qüvvədir. Bu sözlər bu gün bəlkə də, adiləşib, amma bunu təkzib etmək də mümkün deyil. Dünən də, bu gün də, sabah da cəmiyyətin formalaşmasında yeni nəslin tərbiyyəsində qadınların incə, zərif fəaliyyəti danılmazdır. Qadın ana, tərbiyyəçi, müəllim, dost, rəfiqə, alim, mütəxəssis və s. Əlbəttə, bu siyahını uzatmaq da olar. Axı qadının fədakarlığı bitməz- tükənməzdir. Dünyanı, musiqini, ədəbiyyatı,  qadınsız təsəvvür etmək qeyri mümkündür.

Qadın səmada parlayan günəşdir. O, şəfəqləri ilə dünyanı işıqlandırar, isidər və bəzən də dünyanı qaranlığa qərq edər. Cəmiyyətimizin ən işguzar,çalışqan,fədakar üzvüdür qadın.Bu gün ölkənin ictimai-siyasi iqtisadi mədəni həyatında qadın fəal iştirak edir.

“Qadın gülərsə dünya gülər” ifadəsi bir çox məqamları özündə birləşdirir.Həqiqi gülüşü qadının simasında yaratmaq heç də asan proses deyil. Axı qadın yalandan gülə bilmir. Ya həqiqi gülür ya də heç vaxt. Qadın gülərsə ev işıqlanar, səma parıldayar, dünya gözəlləşər, həyat davam edər,övladlar xoşbəxt, mehribanlıq daim olar.Amma qadını saxta gülüşə məcbur edənlər  isə onun işığından məhrum olanlardır.  Güclü olmağı qadın özü seçmir o, daim güclü olmaq məcburiyyətində qaldığından güclüdür.

Ailə qayğısı, fəal iş prosesi, övladların tərbiyəsi qadının zərif çiynində daşıdığı böyük yükdür. Bu yükün ağırlığı nə qədər çox olsa da, o bunu daşımaqdan vazkeçməz. Çünki o bu yükü anlayır və ürəyi ilə deyil ağlı ilə hərəkət etməyi üstün tutur. Qadın ürəyi ilə atdığı addımları ağlın süzgəcindən mütləq keçirməlidir. Çünki, ürəy hər dəfə doğrunu göstərməz axı o ağıldan daha zəifdi.

Qadın həyatdır və həyatın içindəki hər şey ancaq qadınlar olduğu zaman anlam qazanır. Qadın bəşəriyyətin təməl özəyidir.Bəşəriyyət var olduqca qadının ideyaları,yenilikləri,gücü,sevgisi,mehribançılığı hər zaman davam edəcəkdir.Əlbəttə feminist biri deyiləm amma qadınlara qarşı haqsızlıqları da, qəbul edən biri deyiləm. Göz oxşayan gözəlliklər yaradan qadın istəsə belə hər şeyi məhv edən daşqınlar da yarada bilər.

Deyirlər ki, bir qadını ortadan ikiyə bölsən yarısı qadındı, yarısı da uşaqdır.Bəzən, o uşağı da üzə çıxartmaq lazımdı…

Bir sözlə qadın gülərsə bəşəriyyət güləcək.Gəlin, əməllərimizlə, məhəbbətimizlə, hörmətimizlə qadını hər zaman güldürməyi bacaraq.

Fəridə Söhrabqızı

Astarainfo.az