Çox oxuyan yox, çox gəzən çox bilər, deyib atalar. Hamımızın səyahət edib, gəzib-görmək istədiyi yerlər vardır. Məsələn, Tac Mahal və onun yerləşdiyi Hindistana səfər etməyə dəyər. Birincisi, bu ölkənin kökü minilliklərə gedib çıxan tarixi var, bu da o deməkdir ki, orada gözünüzü oxşayan yetərincə abidə ilə qarşılaşacaqsınız.
Xüsusilə də Köhnə Dehlidəki orta əsrlərə aid Şərq ekzotikası insanı valeh edir. Yeni Dehli isə nəhəng hökumət binaları, hotellər və banklarla zəngin əsl meqapolisdir. Yeni şəhərin tarixi 1911-ci ildən başlayır və hazırda çox sürətlə inkişaf etməkdədir. Əhalisinin sayı təxminən 15 milyondur. Məhz Hindistanın çoxəsrlik tarixinə və xüsusi memarlıq abidələrinə görə bu ölkəyə turist axınının ardı-arası kəsilmir.
Əgər Hindistana yolunuz düşsə mütləq Cümə, Kuvvat-ul-İslam məscidini, əsrarəngiz Qırmızı Qalanı, Kutab Minar Kompleksini, şanaqüllə formasında inşa edilmiş Baxai məbədini də ziyarət etməyiniz tövsiyyə olunur. Fatixpur-Sikri (kabus şəhəri), Racastxana Caypur (ekzotik çəhrayı şəhər) və bütün dünyada məşhur olan Tac-Mahal da sadalananlar sırasında ön yerləri tutur. Sonuncu, Camna çayı sahilində yerləşən mavzoley-məscid Böyük Moğol imperatoru Cahan şahın əmri ilə tikilib. Yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyil.
Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşları ilə örtülüdür. Yüz minlərlə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50-dən çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənib. Məlumat üçün deyək ki, Tac Mahalın divarlarındakı cəvahiratlar bu məbləğə daxil deyildir.
Cahan şahın həyat yoldaşı Ərcümənd Banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. (təbii ki, Cahan şahın da hərəmxanası vardı. Lakin Mümtaz xatun onun ən sevimli xanımı idi). Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Şah onu getdiyi hər yerə özü ilə aparar, xanımının fikirlərini, zövqünü nəzərə alardı. Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi.
Dürüst insan, həqiqi aşiq, vəfalı hökmdar ölənə qədər qəlbində yaşadacağı sevgili xanımının xatirəsini əbədi yaşatmaq məqsədilə onun üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm idi. Bunun üçün dünyanın ən böyük ustaları tapıldı. Xəzinə bu əsərə xərclənilməsi üçün onların ixtiyarına verildi. Bu məqsədlə İstanbuldan memarlar da gətizdirildi. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi. Tac Mahalın tikintisinə 1631-ci ildə başlanıldı və 1650-ci ildə başa çatdırıldı. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır.
Hindistanın əsrarəngiz və əvəzsiz möcüzələrindən olan Tac Mahal öz füsunkar gözəlliyinə görə dillər əzbərinə çevrilib. Hər il sevgi abidəsini görməyə gələn milyonlarla turist onun möhtəşəmliyi qarşısında sükuta dalır. Ağ mərmərdən hazırlanan və qadın vücudunu xatırladan bu möhtəşəm incəsənət əsəri dünyanın yeni möcüzələri siyahısına daxil edilib. Onun dünyada ən çox məşhurlaşdıran isə saf hissləri əbədiləşdirmək məqsədilə inşa olunmasıdır.
Tac Mahal abidəsini il ərzində beş milyona yaxın turist ziyarət edir. Hindistanlılar onu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.
Günel Eyyubova, “İki sahil