Bu, Azərbaycana ilk səfərimdir. Mən artıq Bakıda və Qəbələdə olmuşam. Azərbaycanda məni landşaftların və iqlim qurşaqlarının müxtəlifliyi heyrətləndirdi: burada həm meşələr, həm çöllər, həm də dəniz çimərlikləri var. Qəbələ çoxsaylı görməli yerləri olan son dərəcə gözəl diyardır. Bakı isə daim həyat qaynayan müasir şəhərdir. Azərbaycanlıların qonaqpərvərliyi də mən heyran qoydu: istər tədbir təşkilatçıları, istərsə də sadə insanlar bizə hər cür dəstək göstərirlər. Konfrans məzmunlu və maraqlı keçir. Bakı Konqres Mərkəzi kimi gözəl bir binada başqa cür ola bilməzdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının iştirakçısı, Səudiyyə Ərəbistanının nümayəndəsi Əhməd Ələbsi söyləyib.
Qonaq deyib: “Mənim üçün skaut olmaq ilk növbədə harada olursansa ol, daim başqalarına yardım göstərməyə hazır yaxşı insan və vətəndaş olmaq deməkdir. Skautinq bir həvəs deyildir, onun ardıcıllarının həyat tərzidir”.