Almaniya milli komandasının və Dortmund “Borussia”sının futbolçusu Andre Şürrle 4 həftəlik sıradan çıxıb.
Bu barədə klubun Tvitter səhifəsində məlumat verilib. 27 yaşlı hücumçunun omba əzələlərində yırtıq aşkar olunub.
Beləliklə, Şürrle Bundesliqanın ilk 4 oyununu buraxacaq. O, “Wolfsburg” (19 avqust), “Herta” (26 avqust), “Freiburg” (9 sentyabr) və “Köln” (17 sentyabr) komandaları ilə görüşlərdə iştirak etməyəcək. Yığma üzvü həmçinin Çempionlar Liqasının qrup mərhələsinin ilk qarşılaşmasını da (12 və ya 13 sentyabr) kənardan izləyəcək.
Qeyd edək ki, Andre Şürrle bu il martın 26-da 2018-ci il dünya çempionatının Azərbaycan millisinə qarşı seçmə qrup matçının 19-cu və 81-ci dəqiqələrdə fərqlənərək Almaniya yığmasının 4:1 hesablı qələbəsində böyük pay sahibi olub. Bu kollektivlər arasında növbəti görüş oktyabrın 10-da Kayzerslautern şəhərindəki Frits Valter adına stadionda olacaq.