“Ətraf mühitlə birbaşa təması olduğu üçün gözün allergik xəstəliklərinə daha çox rast gəlinir”.
Bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Şahin Novruzlu deyib:
“Allergik xəstəliklər əksər hallarda uşaq yaşlarında başlayır və gözlərdə qaşıntı, qızarıqlıq, sulanma, yanma, batma, axıntı, işığa həssasiyyət, göz qapaqlarında şişkinlik kimi simptomlarla özünü göstərir”.
Həkim deyir ki, yaş artdıqca simptomlarda da azalma olur. Şiddətli gedişat və xroniki gözü qaşımaq görmə qabiliyyətinin azalmasına da səbəb olur. Gözləri uzun müddətli qaşımaq “Keratokonus” xəstəliyinin riskini artırır.
Həkim əlavə edib ki, göz allergiyasının mövsüm ilə əlaqəli, il boyu davam edən, vernal (bahar xəstəliyi), atopik və s. kimi növləri var.
Göz allergiyasının müalicəsi necə aparılır?
Oftalmoloq Şahin Novruzlu deyib: “Müalicəsində ilk növbədə allergiyaya səbəb olan allergenlərdən qorunmaq lazımdır. Qaşıntını azaltmaq üçün soyuq kompres faydalıdır. Bunlarla yanaşı istifadə olunan anti-allergik damcılar xəstələrin simptom və şikayətlərini azaldır”.