Topaz Premyer Liqasının ikinci turunda “Səbail”in qonağı olan “Neftçi” 0:1 hesabı ilə uduzub.
Astarainfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Neftçi”nin baş məşqçisi E. Abdullayev görüşlə bağlı bunları deyib:
“Belə oyundan sonra danışmaq çətindir. Uduzmalı oyun deyildi. Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadır. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər”.
– Razısınız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?
– Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.
– İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?
– Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydınız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdırlar. Onları başa düşürəm və qəbul edirəm.
– “Neftçi”nin problemi nədədir?
– Yalnız psixologiyada… “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündürlər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq.