ABŞ səfirliyi Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırır.
“Report” ABŞ-ın Rusiyadakı səfirliyinin bəyanatına istinadən xəbər verir ki, viza almaq üçün bölgələrdə əvvəlcədən təyin edilmiş bütün müsahibələr ləğv ediləcək.
Birləşmiş Ştatlara viza almaq üçün avqustun ortalarına qədər ərizə verənlərə müsahibəni yenidən necə keçirməyin mümkünlüyü barədə məlumat veriləcək.
Avqustun 21-dən etibarən Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarda təyin edilmiş müsahibələrin ləğvinə başlanılacaq.
Bu il sentyabrın 1-dən etibarən turistik iş vizalarının verilməsi proseduru yalnız Moskvada bərpa ediləcək.
“ABŞ-ın Rusiyadakı konsulluqlarında qeyri-immiqrasiya vizalarının verilməsi proseduru qeyri-müəyyən müddətə dayandırılacaq”, – rəsmi məlumatda deyilir.
Bildirilir ki, bu tədbirlər Rusiya tərəfinin ABŞ-ın ölkədəki diplomatik missiyasının əməkdaşlarının sayını azaltmaq qərarı ilə bağlıdır: “Diplomatik missiyasının əməkdaşlarının sayını diplomatik nümayəndəliklərin əsas funksiyalarını yerinə yetirəcək səviyyədə saxlayacağıq”.
Qeyd edək ki, iyulun 30-da Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatlarının sayının 755 nəfər azalacağını və Rusiyanın ABŞ-dakı diplomatlarının sayı qədər – 455 nəfər saxlanılacağını bildirib. Bu tədbirlər ABŞ-ın Rusiya əleyhinə sanksiyalar qəbul etməsi və 2017-ci il ərəfəsində rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olub.