Belçikada robot tərcüməçi yaradılıb

Belçikanın Antverpen Universitetinin mühəndislər komandası avtomatlaşdırılmış tərcüməçi hazırlayıblar. “Project Aslan” adlandırılan robotun ilk versiyası 3D çap texnologiyasının köməyi ilə yaradılıb və mətni tərcümə edə bilir. İstehsalçıların əsas məqsədi jest dilinin bütün çətinliyini çatdıran iki ələ və ifadəli üzə malik robot yaratmaqdır.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, “Project Aslan” şəbəkəyə qoşulmuş kompüterə birləşdirilmiş avtomatlaşdırılmış əl formasındadır. Robot əl istifadəçilər tərəfindən lokal şəbəkə üzrə göndərilən mətn mesajlarını jestlərlə ifadə edir. Hazırda robot tərəfindən istifadə olunan əlifba sistemində hər bir hərfə xüsusi jest uyğun gəlir.

“Project Aslan” 3D printerdə çap edilmiş 25 plastik detal, 16 servomühərrik, 3 kontroller və “Arduino Due” mikrokompüterindən ibarətdir. İstehsalçılar bildiriblər ki, bütün detalların çapına 139 saat, quraşdırılmaya isə 10 saat vaxt sərf olunur.

Onların məlumatına görə, jest dilinin avtomatlaşdırılmış tərcüməçisi eşitmə qüsuru olan insanın tərcüməçisiz qaldığı məkanda (məsələn, məhkəmə zalında) istifadə edilə bilər.