Fransanın “Total” neft-qaz şirkəti “A.P. Moller-Maersk Group”un törəməsi və mərkəzi ofisi Danimarkada yerləşən “Maersk Oil” şirkətini alıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, neft sektorundakı nəhəng satınalmanın dəyəri 7,45 milyard dollardır. Müqavilə iyulun 1-dən etibarən qüvvədə olacaq, satınalma gələn ilin ilk rübündə tamamlanacaq.
“Total” şirkətə 4,95 milyard dollar nağd ödəyəcək və “Maersk Oil”in 2,5 milyard dollarlıq borcunu da öz üzərinə götürəcək.
“Total” şirkətinin prezidenti Patrik Puyane deyib: “Maersk Oil”in Şimal-Qərbi Avropadakı fəaliyyəti ilə bizim hazırkı portfelimizin birləşməsi “Total”ın Şimal Dənizində ikinci operator olmağına şərait yaradacaq. Həmçinin bu, beynəlxalq sahədə də ABŞ, Meksika Körfəzi, Əlcəzair, Şərqi Afrika, Qazaxıstan və Anqoladakı fəaliyyətlərin kommersiya, operativ və maliyyə baxımından əlavə dəyər qazanmasına imkan verəcək”.