Yunanıstanda klerodendromu “bəxt ağacı” hesab edirlər. Yerli əhalinin inamına görə, klerodendrum olduğu evə xoşbəxtlik gətirir. Xarici görünüşcə balışı xatırladan klerodendrumu çox vaxt birillik bitki kimi yetişdirsələr də, əslində çoxillik bitkidir, vətəni Kanar adaları hesab edilir. İnteryerə gözəllik və yaraşıq verən klerodendrum çiçəkləyən tropik sarmaşıqlara aiddir, təbii şəraitdə hündürlüyü 3-4 metrə çatır. Daha çox bitkinin tomson, filippin, uollis, prospero, bunge, inerme və s. növləri yayılıb.

Otaq şəraitində yaxşı qulluq ediləndə boyu 30-40 santimetrə qədər yüksəlir. Bitkinin yüzdən çox sortu var və onun çiçəkləri mavi rəngdən tünd-qırmızıya qədər olur. Kledodendrumun ürəkvari formada və tünd-yaşıl rəngdə yarpaqları 20-30 santimetr uzunluğunda olur. Yanvardan aprelə qədər çiçəkləyir. Çiçəkləmə dövründə yarpaqları altında parlaq rəngli çiçəklər əmələ gəlir. Gülçülüklə məşğul olanların çoxu çiçəkləyəndən sonra onu atırlar.

Klerodendrum yağış suyu ilə suvarılmağı sevir. Payızın axırlarından başlayaraq bütün qış fəsli bitkinin süstlük dövrü sayılır. Bitki qışda və ya az rütubətli şəraitdə yarpaqlarını tökür.

  xezerxeber.az