Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının onuncu nömrəsi çapdan çıxıb.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində yer alıb.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkündür. Həmçinin jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” (http://eservices.dim.gov.az/ejurnal/) xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları iyulun 5-də keçirilən qəbul) imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. Buraxılış (qəbul) imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunub. Müsabiqəyə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyib) az olmayan abituriyentlər buraxılıblar. Toplanıla biləcək maksimal bal 90 olub.
Müsabiqənin nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid balı 2 nömrəli Bakı Baza Tibb Kollecinin müalicə işi ixtisası (Azərbaycan bölməsi, DS) üzrə 76 bal, ən aşağı keçid balı isə Bakı Biznes və Kooperasiya Kollecinin turizm və onun təşkili ixtisası üzrə 41 bal (rus bölməsi, qiyabi ödənişli) olub.
Bu il abituriyentlərin orta ixtisas təhsili müəssisələrində təhsil almaq meyilləri daha yüksək olub və qəbul planı 97,51 faiz dolub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri isə 100 faiz dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2,49 faiz) boş qalıb.