Bakıda Qlobal Gənc Liderlər Forumu davam edir.

Astarainfo.az Trend-ə istinadən  məlumat verir ki, forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.

Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.

Avqustun 21-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə başlayan forum avqustun 24-dək davam edəcək.