Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunan veriliş yayımlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, verilişin qonağı fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon olub. O, Azərbaycanın uğurlu inkişaf yolundan, nümunəvi tolerantlıq mühitindən bəhs edib. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın əldə etdiyi müstəqillik tarixindən danışıb. Həmçinin Azərbaycana səfəri zamanı ölkəmizin keçmişin və müasirliyin harmoniyasından ibarət olduğuna şahidlik etdiyini vurğulayıb.
Ölkəmizdəki mövcud multikultural və tolerant mühitə diqqət çəkən yazıçı bildirib ki, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlətdir, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinə qarşı ideal münasibət mövcuddur. Dini və milli azlıqlara qarşı tolerant, səmimi münasibətin göstərilməsi ilə əlaqədar müddəaların Konstitusiyamızda da əks olunduğu diqqətə çatdırılıb.
Verilişdə, həmçinin ölkəmizin zəngin mədəni irsindən, incəsənət nümunələrindən bəhs edilib, Azərbaycan muğamı səsləndirilib. Digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycanda yüksək tolerant və multikultural şəraitin mövcudluğu vurğulanıb. Eyni zamanda, Azərbaycandakı gözəl memarlıq abidələri haqqında da söhbət açılıb.