Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.
O, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.
Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda idmançımızın rəqibi Radzik Kulieu (Belarus) olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bununla da Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb.
Son qarşılaşmasında güləşçimiz Bolqarıstan idmançısı Daniel Aleksandrovla üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Mürsəliyev dünya çempinatında bürünc medala sahib çıxıb.