Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı beynəlxalq və respublika müsabiqələri laureatı, Əməkdar Artist, tarzən Sahib Paşazadə təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtəraqla qeyd olunacaq. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə festivalda daim fərqlənən ölkələrdən, xüsusi ilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, “Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir.

Gənc tarzən Sahib Paşazadə bir çox beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran-pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər. 1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmış və 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqlarının musiqilərini ifa ediblər.

Sevindirici haldır ki, festivalda hər dəfə iştirak edən Azərbaycanlı musiqi və muğam ustaları, demək olar ki, uğur qazanırlar. Belə ki, festivalın birinci ilində – 1997-ci ildə müğənni Simarə İmanova “Qran-pri” mükafatının sahibi olub. 2001-ci ildə Xalq Artisti Alim Qasımov 1-ci yeri əldə edib. 2003-cu ildə isə Əməkdar Artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygün Bəylər festivalda 1-ci yer tutan ifaçı olub. Qalib ənənəsini 2009-cu ildə xanəndə Qoçaq Əsgərov davam etdirib. 2015-ci il festivalda Əməkdar Artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Buta” qrupu (əməkdar artistlər tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov) öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstərərək “Nadir səs” nominasiyasına layiq görülüb.