Azərbaycan ilə Qazaxıstan diplomatik münasibətlərin 25 illiyini qeyd edirlər

Azərbaycan ilə Qazaxıstan 1992-ci il avqustun 27-də qurulmuş diplomatik münasibətlərin 25 illiyini qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, bu müddət ərzində ölkələrimiz sanbalı nəticələrə, coşqun iqtisadi inkişafa və sosial-siyasi sabitliyə nail olublar. Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimadın və bərabərliyin sinoniminə çevrilmiş mehriban qonşuluq münasibətləri yaranıb. Dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası, şübhəsiz ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu münasibətlər Prezident İlham Əliyevinin Azərbaycana rəhbərliyi dövründə möhkəmlənməyə və inkişaf etməyə davam edir.

Ölkələrimiz arasında münasibətlər həmişə strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyıb. 2005-ci ildə Bakıda imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” müqavilə bunu təsdiq edir.

Qazaxıstanın və Azərbaycanın başçıları müntəzəm olaraq görüşlər keçirir, habelə inteqrasiya strukturları və beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif məkanlarda görüşlər. Bu il də ən yüksək səviyyədə görüş ilə əlamətdar olub: Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Azərbaycana rəsmi səfər edib. Səfər zamanı o, Azərbaycan Respublikasının ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Dövlət başçıları bu səfəri yüksək qiymətləndiriblər. Konstruktiv dialoq olub, tərəflər ikitərəfli və regional əməkdaşlığın aktual məsələləri üzrə mövqelərini tutuşduraraq ölkələrimizin iqtisadi və tranzit-nəqliyyat potensialının reallaşması imkanlarını müzakirə ediblər.

Hər iki ölkənin hökumət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri, fəal parlamentlərarası qarşılıqlı fəaliyyət daimi praktikaya çevrilib. Müdafiə idarələri, hüquq mühafizə strukturları, milli təhlükəsizlik orqanları, gömrük xidmətləri və s. arasında əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına kömək edir. Komissiyanın tövsiyələri energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticari-iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə dair ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini əhatə edir.

Hazırda Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən 700-dən çox şirkət qeydə alınıb. Ölkələrimiz arasında müqavilə-hüquqi baza 60-dan çox müxtəlif xarakterli sənədi əhatə edir. Söhbət dövlətlərarası müqavilələrdən, hökumətlərarası sazişlərdən, idarələrarası sənədlərdən, habelə ikitərəfli siyasi qarşılıqlı münasibətlərimizin əsasını təşkil edən konvensiyalardan, protokollardan və memorandumlardan gedir.

Dil, mədəniyyət və ənənələrdə ortaq türk kökləri olan ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, UNESCO və ISESCO, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Şurası, Beynəlxalq Türk Akademiyası çərçivələrində bir-biri ilə fəal və müvəffəqiyyətlə əlaqə saxlayırlar.

Qazaxlarla azərbaycanlıların bir-birinə dərin hörmətlə yanaşmasından danışarkən belə faktı da vurğulamamaq olmaz ki, hələ 2000-ci illərin əvvəlində paytaxt statusunu yenicə almış Astanada küçələrdən birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını verilmişdi. Qazaxıstanlılar bu böyük siyasi xadimin, öz xalqının həqiqi vətənpərvərinin və ləyaqətli oğlunun gördüyü işlərə və qazandığı nailiyyətlərə dərin ehtiram hissi ilə yanaşırlar. Öz növbəsində, Bakıdakı küçələrdən birinə böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin adı verilib. Bu, bizim ortaq mənəvi dəyərlərimizə və xalqlarımızın irsinə ehtiramın rəmzi olan layiqli jestdir.

Azərbaycan ilə Qazaxıstan arasında həmişə etimada və ehtirama əsaslanan münasibətlər və əməkdaşlıq mövcud olub. Ölkələrimiz xarici-siyasi təşəbbüslərə həmişə qarşılıqlı dəstək göstərirlər. Bununla əlaqədar olaraq qeyd etmək xoşdur ki, Azərbaycan hazırda Astanda keçirilən “Astana EKSPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərgisində iştirakını rəsmi surətdə təsdiq edən ilk ölkələrdəndir. Qeyd edək ki, Azərbaycanın milli pavilyonu adamları ən çox cəlb edən 5 pavilyondan biridir. Bu da qazaxıstanlılarla bərabər, xarici qonaqların Azərbaycana həqiqi maraq göstərdiyini təsdiq edir.

Azərbaycan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlüyünə Qazaxıstanın namizədliyini lap əvvəldən dəstəkləyib. BMT Təhlükəsizlik Şurasında üzvlük təcrübəsi olan Azərbaycan bu nailiyyətin əhəmiyyətini və vacibliyini hər kəsən yaxşı başa düşür.

Qazaxıstan isə Dünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin sədri vəzifəsinə Azərbaycanın namizədliyinin lehinə səs verib.

Ölkələrimizi ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir. Odur ki, regionda aparıcı mövqelər tutan Azərbaycan və Qazaxıstan birgə iri layihələri müvəffəqiyyətlə həyata keçirirlər.