Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” qəzetinin 24 avqust nömrəsinin bütöv bir səhifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr olunub.
Məqalədə Mehriban Əliyevanın dövlət xadimi və ictimai xadim kimi fəaliyyətindən, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətlərindən bəhs edilir, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qeyd olunur:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva böyük qayğı göstərdiyi müxtəlif sahələrdə, xüsusən humanitar sahədə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb. Mehriban Əliyeva yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub və tərbiyə alıb. Onun babası Mir Cəlal Paşayev Azərbaycanın görkəmli ədəbiyyat xadimi, tanınmış yazıçı idi. Valideynləri Mehriban Əliyevanın milli və mədəni şəxsiyyətinin formalaşmasında əvəzsiz rol oynayıblar. Atası Arif Paşayev 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur, anası Aida İmanquliyeva mədəniyyət, dilçilik və şərqşünaslıq sahələrində tanınmış tədqiqatçı olub. Bütün bunlar Mehriban xanımda şeirə, musiqiyə və incəsənətə böyük maraq və sevgi yaradıb. Birinci xanım insanların, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olub, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayıb. Eyni zamanda, o, 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verməkdədir. Mehriban xanım uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olub. O, uşaqlara göstərdiyi qayğı ilə yanaşı, ahıllara da xüsusi diqqət ayırır.
Heydər Əliyev Fondu mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirib, Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərib, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirib, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olub. Fond, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Yaradıldığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsi yaradılıb, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilib. Roma şəhərində yerləşən Kapitoli muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edilir.
Bütün bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanları da Mehriban Əliyevanın diqqətindən kənarda qalmır. Təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniyaya və Haitiyə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yardımlar göstərilib, Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi yenidən inşa edilib, bu ölkədə çoxsaylı inkişaf proqramı və layihələri həyata keçirilib. Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.
Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq Mehriban xanım 2004-cü ildə UNESCO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycanda idman sahəsinin inkişafına da xüsusi diqqət yetirir. O, 2015-ci ildə Azərbaycanın birinci Avropa Oyunlarına, həmçinin həmin il bədii gimnastika üzrə beynəlxalq kubok yarışına uğurla ev sahibliyi etməsində böyük rol oynayıb. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib.
Mehriban Əliyeva birinci Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsində xüsusi fədakarlığı ilə seçilib, Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılmasına töhfələr verib və bu səylər ölkənin Oyunlarda böyük uğur qazanması ilə nəticələnib.
Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin müxtəlif inkişaf sahələrində, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sahələrində gördüyü işlər 2015-ci il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, Fondun prezidenti Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Birinci Avropa Oyunları Mehriban xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyil. O, 2017-ci il mayın 12-dən 22-dək Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri olub, bu tədbirin də uğurla keçirilməsində mühüm xidmətlər göstərib.
Bundan başqa, “Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səylərini qeyd etmək lazımdır. Bu yarışma dünyada ən uzun televiziya şousu, Avropa qitəsində isə ən mühüm musiqi tədbiri hesab olunur. Bu yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar gördükləri qonaqpərvərlikdən razılıqlarını ifadə edib və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli inkişafın şahidi olublar.
Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın “Şərəf Legionu Ordeni”, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq “Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu ilə və digər yüksək orden və medallarla təltif olunub.
Heç şübhəsiz, qeyd olunanlar, eyni zamanda, Mehriban Əliyevanın malik olduğu yüksək insani keyfiyyətlər, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir edib və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib və bu da ona böyük sevgi, hörmət və ehtiram hissləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb”.