UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” liqanın “C” qrupunda Avropanın ən güclü komandaları ilə mübarizə aparacaq. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandamız ilk olaraq sentyabrın 12-də Londonda “Çelsi” ilə qarşılaşacaq. Sonrakı görüşlər isə aşağıdakı ardıcıllıqla gedəcək:

27 sentyabr – “Qarabağ” – “Roma”

18 oktyabr – “Qarabağ” – “Atletiko”

31 oktyabr – “Atletiko”-“Qarabağ”

22 noyabr – “Qarabağ” – “Çelsi”

5 dekabr – “Roma” – “Qarabağ”.

  Tarixi qələbəyə imza atan “Qarabağ”ın Çempionlar Liqasında görüşəcəyi komandalarla oyunu haqqında ölkənin tanınmış idman mətüəxəssislərinin fikirləri.

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov:

“Çempionlar Liqasında zəif komanda olmur. “Qarabağ”ın bu qələbəsi onların heç də digər komandalardan zəif olmadığını sübut etdi. “Qarabağ” “Kopenhagen” ilə oyunda bir daha sübut etdi ki, illərdir futbol sahəsində çəkilən əziyyətlər hədər getməyib. Bu çox gözəl inkişafın nəticəsidir. Düşdüyü qrup özü də normaldır. Komandalar özlərinə görə güclü rəqiblərdir. “Çelsi” İngiltərə çempionudur, “Roma” İtaliyada, “Atletiko Madrid” İspaniyanın güclü təmsilçiləridir. Bu komandalarla oyun “Qarabağ” üçün çox gözəl təcrübədir. Sual olunsa ki, Çempionlar Liqası Azərbaycan futboluna nə qazandırdı? Birmənalı şəkildə demək olar ki, bu həm Azərbaycanın uğurlu təbliğatıdır, həm də futbolumuz üçün böyük akademiyadır. Dünya şöhrətli oyunçular Azərbaycan meydançasında öz hünərlərini göstərəcəklər. “Qarabağ” yenə öz oyununu oynayacaq və ümid edirik ki, bu qələbələrin davamı gələcək. Biz “Qarabağ”a inanırıq”.

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov:

“Mən hesab edirəm ki, “Qarabağ” ən güclü klublarla eyni sıralara düşüb. Əlbəttə ki, bu cür klublarla oyun oynamaq həm sevindirici, həm də şərəflidir. Əldə edilən nəticə hər nə olur-olsun, bu bizi sevindirəcək. “Qarabağ” Çempionlar Liqasına düşdüyü üçün biz bütün komanda üzvlərinə təşəkkür edirik. Azərbaycanımızı təbliğ etdikləri üçün. Oyuna gəldikdə isə, komanda var-gücü ilə mübarizə aparacaq. Oyunçuların hər biri qələbə üçün çalışır. “Qarabağ”ın üstünlüyü komanda şəklində oynamasıdır. Burada heç kimi fərd olaraq ayırmaq olmaz. Çünki Mahir Mədətovun özü çox gənc oyunçumuzdur. Gənc olmasına baxmayaraq, digər oyunçularla birlikdə öz potensialını komandanın qələbəsi üçün istifadə edir”.

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev:

“Şablon da olsa, deyək ki, “Qarabağ”ın Çümpionlar Liqasına düşməsi özü artıq qələbədir. “Qarabağ”ın bundan sonra qrupdan çıxmaq şansı demək olar ki, yoxdur. Orda çox incə nüans var. Bu qələbə komandamıza dünya çempionlarının təcrübəsindən faydalanma şansı verəcək. Öyrənmək istəyən oyunçu meydana çıxdığı bütün rəqiblərinin təcrübəsindən özünə pay çıxarmağı bacarmalıdır. “Qarabağ” uzun illərdən sonra Azərbaycan futbolu üçün əvəzolunmaz imza atıb. Bundan sonra hansı xallar toplayacaqsa, o da bu uğurun üzərinə gələcək. Bilirsiz, bu məqamda komandaya tam motivasiya lazımdır. Onlara dəstək olmaq lazımdır. Rəqiblər güclü olsa da, öz oyunçularımızı zəif hesab etməyimiz düz olmaz. Bir onu bilirik ki, oyunlar çox fantastik olacaq”.

Jurnalist Natiq Muxtarlı:

“Çempionlar Liqasının qrup mərhələsinə daxil olan bütün komandalar güclüdür. Nəzərə alaq ki, Avropanın ən tanınmış klubları isə məhz “Qarabağ” ilə eyni sıralarda yer alır. Lakin buna baxmayaraq, heç nədən qorxmağa və çəkinməyə dəyməz. Komandaların üçü ilə də normal oyun gözlənilir. Təxminən 6-7 il əvvəl bizim gözümüzdə Niderlandın “Tvente” futbol klubu, Norveçin “Rosenburq” klubu da güclülər sırasında idi. Lakin nə oldu? Nisbətən fikirlərimizi dəyişən məhz “Qarabağ” oldu. Komandamız bu klubları bizim gözümüzdə kiçiltdi. İndi də “Çelsi”, “Atletiko”, “Roma” klubları ilə eyni təcrübə yaşanacaq. Onu da qeyd edim ki, azarkeşlər unutmasınlar ki, bizim komandamız təcrübə baxımından onlardan fərqlənir. Komandaya təzyiq etmək, əlavə tələblər qoymaq lazım deyil. Onlar əllərindən gələni meydanda göstərirlər. Bizim qarşıdakı oyunlarda bir neçə transferə ehtiyacımız var. Lakin təəssüf ki, bu transferləri gerçəkləşdirmək çətindir. Ona görə ki, Azərbaycan çempionatında limit var. Bu isə Azərbaycan komandaların inkişaf etməsinin qarşısını alır. Fərz edək ki, Qurban Qurbanov qrup mərhələsi üçün bir neçə legioner transfer etdi. Bəs yaxşı, biz bu legionerlərdən yalnız Avropa oyununlarında istifadə edə biləcəyik? Çünki onlardan daxili çempionatda istifadə etmək mümkün deyil. Limit buna imkan vermir. Bu limit qaydasına görə, oyun keyfiyyətindən asılı olmayaraq, 5 yerli futbolçu mütləq meydanda olmalıdır. Yəni, Qurban Qurbanov bu dəqiqə də transfer etsə, “Çelsi” , “Atletiko” və “Roma” ilə oyunda istifadə etdiyi oyunçuları Azərbaycan çempionatında oynada bilməyəcək. Məhz bu səbəbdən də heç bir özünə hörmət edən legioner gəlib Azərbaycan çempionatında ehtiyat oyunçular sırasında oturmağa üstünlük verməz. Bu mənada biz zəif düşürük. “Kopenhagen”lə oyunda komandaya zərbə vuran nüanslardan biri də bu idi. AFFA təcili surətdə bu məsələni aradan qaldırmalıdır ki, həm “Qarabağ”ın, həm də “Qəbələ”nin yeni legionerlər transferlər etmə və oyuna daxil etmə hüququ olsun. Bu həm də bizim oyunçuların təcrübəsi baxımdan müsbət nəticələr verəcək. Qurban Qurbanovun artıq iki bərabər səviyyəli oyunçulardan ibarət komandası olmuş olacaq. Ehtiyat oyunçular dedikdə, oyun səriştəsi olmayan “futbolçular” yığını demək deyil. Türkiyə və Rusiya öz növbəsində bu limitdən imtina edərək komandalarının inkişaf etməsinə şərait yaratdı. İndi qalıb Azərbaycan. Bu klublarımızın Avropa səviyyəli komanda olmasına ciddi maneədir. Ümid edirik ki, komandamız yeni uğurlara imza atacaq, lakin uduzsalar da, bu ləyaqətli məğlubiyyət olacaq”.

Publika.az

Könül Cəfərli