Neftçala şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə rayonun Yay məktəbinin şagirdləri Biləsuvar rayonunda Milli Qəhrəman, xalqımızın vətənpərvər oğlu Mübariz İbrahimovun doğulduğu ocağı ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə şəhidin abidəsini ziyarət edərək, qarşısına gül dəstələri qoyublar.

Kitabxananın direktoru Bədirə Niftəliyeva “Şəhidlər ölməzdir!” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, halal bir ocaqda böyüyən imanı kamil, əqidəsi pak, sonsuz Vətən sevdalı şəhidimizin ev muzeyi indi xalqımızın övladlarının ziyarətgahına çevrilib. Hər kəs bu igid qəhrəman haqqında məlumat almaq istəyir. Onun qəhrəmanlığı bütün türk dünyasını ayağa qaldırıb. Bir çox ölkələrdən onun görüşünə gələn ziyarətçilər var.

Məktəbin şagirdləri “Şəhidlər ölməz -Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər, Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş poemalardan, şeirlərdən nümunələr söyləyiblər.

Sonra şagirdlər şəhidin doğulduğu evə gələrək qorxmaz Qəhrəmanımızın atasından eşitdikləri xatirələr, hikmətli kəlamları dinləyiblər.