Gürcüstanın müdafiə naziri: Borjomidəki yanğın söndürülüb

Gürcüstanın Borjomi-Xaraqulsk qoruğundakı meşə yanğınları söndürülüb.

Trend “Georgia-Online” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə nazirliyi açıqlama yayıb.

Məlumata görə, bu gün səhər ölkənin müdafiə, daxili işlər və energetika nazirliyinin birgə müşavirəsi keçirilib.

Müdafiə naziri Levan İzoriyanın sözlərinə görə, yanğın söndürülsə də, hər ehtimala qarşı canlı qüvvə monitorinq və patrul işləri üçün hələ bir neçə gün ərazidə qalacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə meşə yanğınlarının söndürülməsinə FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.