Dünyada boks həvəskarlarının böyük maraqla gözlədikləri amerikalı Floyd Meyuezer ilə irlandiyalı Konor Makqreqor arasındakı qarşılaşma ABŞ idmançısının qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, F.Meyuezer MMA döyüş növü üzrə çempion K.Makqreqoru 10-cu raundda nokautla məğlub edib.
K.Makqreqora qalib gəlmək üçün oyuna səbirlə başlayan və son üç raundda üstünlüyü tamamilə ələ alan F.Meyuezer qarşılaşmadan sonra seçdiyi taktika barədə danışarkən deyib: “İlk üç raundda rəqibin oyun tərzini anlamağa çalışdım. UFC döyüşləri 25 dəqiqə davam etdiyi üçün həmin müddəti səbirlə gözlədim və o vaxtdan sonra Makqreqor yorulmağa başladı”.
Bununla da karyerası ərzində keçirdiyi 49 peşəkar qarşılaşmanın hamısını qələbə ilə başa vuran F.Meyuezer 50-ci rinqdən də qalibiyyətlə ayrılıb.
Dünya Boks Şurasının bu mühüm qarşılaşmanın qalibi üçün hazırladığı kəmər bokssevərlər və idman mətbuatı üçün uzun müddətdir diqqət mərkəzində idi. “Pul kəməri” (Money belt) adlandırılan kəmərin hazırlanmasında 3360 almaz, 600 sapfir, 300 zümrüd və 1,5 kiloqram ağırlığında qızıldan istifadə olunub.
Boks tarixinin ən güclü simalarından olan F.Meyuezer bunun karyerasının sonuncu qarşılaşması olduğunu açıqlayıb. İki il əvvəl Manni Pakayo üzərində qələbədən sonra rinqə çıxmayan “Pul” (Money) ləqəbli idmançı əsas hədəfinin sərvətinin 1 milyard dollara çatması olduğunu bildirirdi. K.Makqreqor üzərində qələbə sayəsində əldə etdiyi 300 milyon dollarlıq mükafatdan sonra onun öz məqsədinə çata biləcəyi ehtimal olunur.
Konor Makqreqor isə məğlub olmasına baxmayaraq, 100 milyon dollar məbləğində gəlir əldə edib.