Ümid edirəm ki, “Amadeus” şirkəti tərəfindən hazırlanmış informasiya texnologiyası buludu Azərbaycan səmasını buludsuz və turbulentsiz edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev bu gün Bakıda “Amadeus” şirkəti ilə imzalanan sənədə münasibət bildirərkən deyib. O bildirib ki, AZAL uzun illərdir biletlərin satışı ilə bağlı “Amadeus”un xidmətlərindən istifadə edir.
“Azərbaycan bazarında “Amadeus” şirkəti bilet satışı agentlikləri tərəfindən də çox yüksək şəkildə istifadə olunan sistemlərdən biridir. Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu və “Amadeus” arasında çox önəmli bir saziş imzalandı. Bu sazişə əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus”un yeni yaratdığı informasiya texnologiyalardan istifadə edərək öz işini təkmilləşdirəcək. Üç il öncə Heydər Əliyev Beynəlxalq Aeroportunun tam müasir və çox yüksək texnika və informasiya texnologiyaları ilə təchiz olunan yeni terminalı istismara verilib. Lakin hava yolları inkişaf edir, yava yolları seqmenti inkişaf edir və hava yollarında daşınma həcmləri böyüyür. Ona görə də bugünkü bu saziş imkan verəcək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus”un informasiya texnologiyalarından istifadə edərək daha da təkmilləşsin və həm AZAL, həm yeni yaranmış “Buta Airways”, həm də digər şirkətlər üçün yüksək səviyyədə xidmət göstərə bilsin. Ümid edirəm ki, “Amadeus” tərəfindən hazırlanmış bu informasiya texnologiyası buludu Azərbaycan səmasını buludsuz və turbulentsiz edəcək”, – deyə Eldar Hacıyev bildirib.