ABŞ-ın Meksika körfəzində yaranmış “Harvey” qasırğası neftin qiymətinin artmasına səbəb olmayıb.
“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, qasırğanın şiddətlənməsi nəticəsində bölgədə bir neçə yataq fəaliyyətini dayandırsa da, ekspertlər hasilatın tezliklə bərpa olunacağını gözləyirlər. Ekspertlərin fikrincə, hasilatın qısamüddətli dayandırılması qlobal neft ehtiyatlarının cari yüksək səviyyəsinə təsir göstərməyəcək.
Qeyd edək ki, ABŞ-ın Ekologiyaya Nəzarət və Təhlükəsizlik Bürosu (BSEE) bildirib ki, hazırda Meksika körfəzində cərəyan edən “Harvey” qasırğası səbəbindən neft hasilatı 20%, qaz hasilatı isə 25% azalıb. Buna baxmayaraq, “Brent” markalı neftin qiyməti avqustun 28-də 52 dollar/barel səviyyəsini ötə bilməyib, 51 dollar/barelə qədər geriləyib və hazırda 51,6 dollar/barelə satılır.
“Sberbank”ın analitiki Valeriy Nesterov durumu şərh edərək bildirib ki, neft hasilatı digər ölkələrdə artdığı üçün qısamüddətli mənfi xəbərlər neftin qiymətinin artmasına gətirib çıxarmır: “Əksinə, qiymətlər düşməyə davam edir. Artan hasilat barədə mütəmadi olaraq məlumatlar gəlir. Qlobal hasilatda artım Meksika körfəzindəki hasilatda azalmanı üstələyir”.
“Skolkovo” Biznes Məktəbinin Energetika Mərkəzinin eksperti Yekaterina Qruşevenko isə qeyd edib ki, Meksika körfəzindəki qasırğa səbəbindən qlobal hasilat 0,38 mln. barel/gün azalıb: “Bu isə çox cüzi rəqəmdir”.