“Barrel Playground” klubu bu payız caz fanatlarına böyük hədiyyə hazırlayır. Belə ki, sentyabrın 7-dən 10-dək Bakıda açıq səma altında ABŞ, Rusiya, Gürcüstan və əlbəttə ki, Azərbaycanın istedadlı caz artistləri çıxış edəcəklər.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-si Gürcüstan cazmenləri – Paata Andriadze, Levan Deisadze, Zaza Tsertsvadze; sentyabrın 8-i Rusiyadan olan cazmenlər – Yakov Okun, Sergey Qolovnya, Vitali Salomonov, David Petrov; sentyabrın 9-u ABŞ cazmenləri – Edvard Peres, Lui Qodvin, Endryu Atkinson; sentyabrın 10-u Azərbaycan cazmenləri – Əməkdar Artist Salman Qəmbərov, Emil Həsənov, Vaqif Əliyev, Səbinə Hacıyeva, Cəmil Əmirov, Tofiq Cabbarov və Mircavad Bağırovun çıxışları planlaşdırılır.