Qubada uşaq itkin düşdüyü yerdən 6 km aralıda tapılıb – YENİLƏNİB

Quba rayonunda meşədə itən azyaşlını tapılmasının təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.

Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
FHN-in yaydığı məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrıq kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də xilasedicilər tərəfindən tapılıb.

Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

N. Əliyevin axtarışlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.

***

10.04

Qubada meşədə itkin düşən azyaşlı tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, meşədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır.

Qeyd edək ki, N. Əliyev avqustun 28-də avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu.

Üç gün ərzində FHN-nin əməkdaşları tərəfindən fasiləsiz əməliyyat axtarış tədbirləri həyata keçirilib.