ABŞ, Kanada və İsveçdən olan alimlər müəyyən ediblər ki, arktik regionda atmosferin soyumasında quş peyini əhəmiyyətli rol oynayır.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası Neft–Kimya Prosesləri İnstitutunun saytına istinadla xəbər verir ki, yayda milyonlarla quş Arktikanın müxtəlif rayonlarına miqrasiya edərək çoxlu miqdarda peyin qoyur. Alimlər iki il əvvəl Arktikanın Kanada hissəsinin havasından götürülən nümunədə xeyli miqdarda ammoniak aşkar ediblər. Aydın olub ki, onun əsas hissəsi məhz quş peyininə aiddir.
Alimlər müəyyən ediblər ki, havada ammoniak olduqca kiçik sulfat turşusu damcıları və okeanın su molekulları ilə birləşərək asılqan hissəciklər əmələ gətirir. Bu hissəciklər də öz növbəsində buludların formalaşmasına kömək edir. Onlar da günəş şüalarını kosmosa qaytarır, Yerin qızmasının qarşısını alır.